Əsas Səhifə > Partiya, Güney Press > "Ölkə Prezidentinin yenidən işi özünün aparması çox vacib idi..."

"Ölkə Prezidentinin yenidən işi özünün aparması çox vacib idi..."


9-02-2024, 10:06
"Ölkə Prezidentinin yenidən işi özünün aparması çox vacib idi..."
Fevralın 7-də Azərbaycanda baş tutan Prezident seçkiləri ölkəmizin inkişafı yolunda atılan növbəti addım oldu. Seçkinin gedişatı, xarici və yerli müşahidəçilərin rəyləri göstərir ki, prosesi şəffaf və demokratik şəraitdə keçirilib. Seçkilərdə hazırkı Prezident İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi. Seçicilərin mütləq əksəriyyəti növbəti dəfə ona etimad göstərdilər.

Müxalifət partiyalarının seçki ilə bağlı düşüncələri nələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, seçkilər demokratik keçib:

“Mahiyyətcə aşkar, seçki fəallığı ilə keçən bir seçki oldu. Çoxsaylı məntəqə və dairələrdə monitorinq apardıq. Seçkilər olduqca fəal şəkildə keçdi. İlk dəfə idi ki, seçki məntəqələrində növbələrin olmasının şahidi oldum. Seçkilər demokratik keçdi. Mahiyyətcə aşkar, seçki fəallığı ilə keçən bir seçki oldu.

İlham Əliyevin qələbəsi gözlənilən idi. Onu təbrik edirəm. Dünyanın böyük ölkələri də seçkilərə hazırlaşır. Rusiya, Türkiyə, ABŞ-da seçkilər olacaq. Belə bir dövrdə əvvəldən seçki keçirib istənilən fors-major vəziyyətə hazır olmaq olduqca vacibdir. Bölgəmiz həssas regiondur. Böyük güclər burada da toqquşur. Ona görə də bir çox diplomatik addımların atılması üçün ölkə Prezidentinin yenidən işi özünün aparması çox vacib idi. Ölkəmiz üçün uğurlu addım oldu”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qeyd edir ki, Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəmizə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi:

“Bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində apardığımız müşahidələrə əsasən deyə bilərik ki, seçkilər demokratik prinsiplərə uyğun keçirildi. Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli Prezident seçkiləri sakit məcrada keçmiş, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilmiş, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmamışdı. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçmiş, səslərin sayılması açıq və şəffaf təşkil olunmuş, heç bir problem qeydə alınmamışdır.

Seçkiöncəsi prosesdə namizədlər üçün yaradılan demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilmişdir. Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”.

Azad Vətən Partiyasının sədri Akif Nağı keçirilən seçkiləri ölkəmizdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirdi:

“Seçki prosesi normal keçirildi. İnsanlar həvəslə gəlib səs verdi. Əksər insanlar səs verməyi özünə borc bildi. Çünki Azərbaycan rəhbərliyi böyük qələbə əldə edib, Qarabağı işğaldan azad edib. Dünyada ölkəmizin mövqeyi möhkəmlənib. Mövcud komanda belə mühüm işlərin öhdəsindən uğurla gəldiyindən insanlar da bu uğurdan həm razı qaldı, həm də dəstək verdi”.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev da qeyd edir ki, Prezident seçkiləri Azərbaycan Seçki Məcəlləsi və Konstitusiyasına uyğun keçirilib:

“Heç bir pozuntu baş vermədi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edən Prezident İlham Əliyevin qələbəsi labüd idi və gözlənildiyi kimi bu da baş verdi”.

Geri qayıt