Əsas Səhifə > Partiya, Güney Press > "Seçicilər sanki İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər"
"Seçicilər sanki İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər"10-02-2024, 10:11 |
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq arxada qalıb. Bu seçkilər ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisədir. Azərbaycan bu dəfə də demokratik, azad, ədalətli və şəffaf seçki keçirməklə bu sahədə zəngin təcrübəsinin, həmçinin qanunvericilik bazasının olduğunu bir daha nümayiş etdirdi. Budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha çox diqqəti cəlb edirdi. Çünki son 30 ildə ilk dəfə idi ki, seçkilər Azərbaycanın bütün ərazisində keçirilirdi. Dünya ictimaiyyətinin nəzər-diqqəti Azərbaycana, daha çox işğaldan azad edilmiş ərazilərdə keçiriləcək prezident seçkilərinə yönəlmişdi. Seçki günü həmin ərazilərdə böyük canlanma yaranmışdı. Sanki hər bir seçici Zəfər seçkisində iştirak etmək və ən layiqli namizədə səs verməyi özünə borc və şərəf bilirdi. Onlar həm də doğma ata-baba yurdlarında səs verməkdən qürur hissi keçirirdilər. Keçmiş məcburi köçkünlər öz yurdlarında seçkilərə alnıaçıq, üzüağ gedirdilər. Bunu bütün Azərbaycan vətəndaşları haqqında da demək mümkündür. Çünki biz seçkilərə qalib ölkənin vətəndaşları olaraq gedirdik. Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Hüquq müdafiəçisi bildirib ki, budəfəki seçkilər əvvəlkilərlə müqayisədə daha mütəşəkkil keçirildi. Həm də yaddaşlarda əbədi qalacaq. Bunu yerli və beynəlxalq müşahidəçilərin sayı da təsdiqləyir. Təsəvvür edin ki, seçkiləri 90 mindən artıq müşahidəçi izləyib. Onların sırasında 72 beynəlxalq təşkilat və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi olub. Bundan başqa, 109 beynəlxalq media qurumunun 216 təmsilçisi isə seçki prosesini işıqlandırıb. Müşahidəçilərin 50 mindən çoxu 19 siyasi partiyanın nümayəndəsi olub. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da seçkilərdə müşahidələr aparıblar. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 26 məntəqə 23 mindən çox, həmçinin 37 ölkədə 23 minə yaxın seçicinin 49 məntəqədə səs verdiyini deyən hüquq müdafiəçisi bu seçkilərin böyük əhəmiyyət kəsb etməsinin bir səbəbini də otuz illik həsrətdən sonra Qarabağ və Şərqi Zəngəzura – doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin, eyni zamanda, həmin ərazilərdə dövlət tərəfindən aparılan yenidənqurma və bərpa işlərində iştirak edən vətəndaşlarımızın səs vermələri ilə əlaqələndirib: “Seçicilər sanki ən layiqli namizədə - İlham Əliyevə vəfa borcunu ödəməyə gəlmişdilər. Ölkəmizin hər bir vətəndaşı çox yaxşı bilir ki, 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu və dünyada suveren ölkə kimi tanındı. Prezident İlham Əliyev Xankəndinin mərkəzində Azərbaycan Bayrağını qaldırdıqdan sonra artıq dünya ictimaiyyətinə birdəfəlik bəlli oldu ki, Qarabağ Azərbaycandır! Bu, həm Ermənistana, həm də onun havadarlarına ciddi mesaj idi. Eyni zamanda, separatizmin kökünün kəsildiyini təsdiqləyən təkzibolunmaz fakt idi. Xalqımızın otuz illik istək və arzuları artıq reallaşdı. Söz yox ki, buna qədər də əhali böyük çoşqu ilə öz ata-baba yurdlarına qayıdırdılar. Qarabağda separatizmin kökü kəsildikdən sonra keçmiş məcburi köçkünlər tam təhlükəsiz olaraq dədə-baba yurdlarına qayıtmağa başlayıblar. Bu, xoşməramlı köç bu gün də davam edir. Komitə sədri deyib ki, xalqımızın bu Qələbədən, bu Qayıdışdan və keçmiş məcburi köçkün soydaşlarımızın isti ocaqlarına tam təhlükəsiz dönmələrindən sonra qüdrətli ordu formalaşdıran Prezidentə, Ali Baş Komandana inam və etimadı daha da artdı və Azərbaycanda İlham Əliyevə alternativ xəyala belə gətirilmədi. Fevralın 7-də xalq kütləvi şəkildə seçki məntəqələrinə gedərək Prezidentə vəfa borcunu geri qaytardı və ona olan inam və etimadı öz səsləri ilə təsdiqlədilər. Sanki həmin gün möcüzə baş vermişdi. Yaşından asılı olmayaraq, hər bir şəxs, hətta 80, 90, 100 və daha çox yaşı olan kişi və qadınlar, sağlamlığının bir qismini itirən qazilər əlil arabası ilə səsvermə məntəqələrinə gəlib ən layiqli namizədə səs verdilər. Seçkilərin nəticəsi bir daha təsdiqlədi ki, ən layiqli namizəd rəqiblərini xeyli geridə qoymuş Prezident İlham Əliyev idi. Ç.Qənizadə bir sıra qərəzli beynəlxalq təşkilat və ermənipərəst dövlətlərdən də söhbət açıb. Deyib ki, onların bölgədə münaqişəni yenidən alovlandırmaq cəhdinin bir səbəbi də növbədənkənar prezident seçkilərinin baş tutmasına problem yaratmaq idi. İndiyədək onların bölgədə sülhə xidmət edəcək hər hansı bir addım atmalarının şahidi olmadıq. Əksinə, Fransa və Almaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə müdaxiləsi nəticəsində tərəflər arasında aparılan sülh danışıqlarının pozulması müşahidə olundu. AŞPA-nın qış sessiyasının iclasında nümayəndə heyətimizə qarşı hazırlanmış təxribat bəzi Avropa dövlətlərinin Cənubi Qafqazda sülhə mane olmaq iddiasından əl çəkmədiyini, öz riyakarlığını davam etdirdiyini bir daha göstərdi. AŞPA iclasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan nümayəndə heyətinin assambleyanın işində iştirak etməkdən imtinası, təbii ki, tarixi Qələbəmizin, sürətli inkişafımızın həzm oluna bilməməsi idi. Hüquq müdafiəçisi növbədənkənar prezident seçkilərini izləmiş beynəlxalq müşahidəçilərin rəylərini xatırladaraq deyib ki, həmin nümayəndələr seçkilərdən bir gün sonra açıqladıqları rəylərlə qərəzli beynəlxalq təşkilatlara, Fransa və Almaniyaya ciddi mesaj verdilər: “Həmin mesajda bildirilir ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək, sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiq edir. Gənclərin və qadınların seçkiyə yüksək münasibəti və fəal qoşulması müsbət təəssürat doğurdu. İlk dəfə olaraq, seçkilər Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib”. Geri qayıt |