Əsas Səhifə > Partiya, Güney Press > MSK-nı aldatdığına görə Razi Nurullayevi hansı cəza gözləyir?
MSK-nı aldatdığına görə Razi Nurullayevi hansı cəza gözləyir?12-02-2024, 14:46 |
Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində bəzi faktları gizlətdiyi iddia olunub. Bu barədə videobloger Mehman Hüseynov paylaşım edib. Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var. Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib. KONKRET.az ictimai-siyasi kluarlarda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş həmin video və orada səsləndirilən ittihamlarla bağlı deputat Razi Nurullayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərimizdən sonra özünü deputatın köməkçisi kimi təqdim edən şəxs Razi Nurullayevin tədbirdə olduğunu və yaxın dəqiqələrdə özünün bizimlə əlaqə saxlayacağını desə də, əməkdaşımıza deputatın özü ilə danışmaq müyəssər olmadı. Əməkdaşımız daha sonra vəkil Əsabəli Mustafayevə “iddialar doğrudursa, Razi Nurullayevi hansı cəza gözləyir?” sualını ünvanlayıb. Hüquqşünas deyib ki, Seçki Məcəlləsində və digər qanunlarda təhrif olunmuş məlumatların bəyannaməyə daxil edilməsinin məsuliyyəti barədə heç bir bənd yoxdur: “Azərbaycanda belə nümunə yoxdur. Yəni indiyə qədər hansısa prezidentliyə namizədin gəlir bəyannaməsinə yanlış məlumat daxil etməsinə görə məsuliyyət daşıması halı olmayıb. Sənədlərin saxtalaşdırılmasına görə norma var, bu da vəzifəli şəxslərə aiddir. Bu məsələ ilə bağlı qanunda boşluq var. İndiki qanunlara görə prezidentliyə namizədin qeydiyyat məsuliyyəti ola bilər. Digər heç bir məsuliyyət yoxdur”. Vəkil əlavə edib ki, əgər sözügedən bağ evi deputatın həyat yoldaşına məxsusdursa, bu da ortaq mülkiyyət hesab edilir: “Deputat mütləq onu gəlir bəyannaməsində göstərməlidir. Amma bu məsələ deputatın övladlarına aid deyil”. Mövzu ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, dəfələrlə zəng etməyimizə baxmayaraq, MSK-nın mətbuat xidmətində dəstəyi qaldıran tapılmadı. Deputat isə gəlir bəyannaməsində göstərmədiyi villasının mətbəxindən izləyicilərinə sağlam qidalanmağın hazırlanması ilə bağlı tövsiyələrini verməkdədir. Geri qayıt |