Əsas Səhifə > Partiya, Güney Press > “Ermənilər Azərbaycanın gücünü yoxlamaq istəyir”

“Ermənilər Azərbaycanın gücünü yoxlamaq istəyir”


14-02-2024, 09:17
“Ermənilər Azərbaycanın gücünü yoxlamaq istəyir”
“Mən yeni təxribatlar gözləmirəm. Azərbaycan və Ermənistanın şərti sərhədində baş verənləri isə təxribatdan daha çox güc yoxlaması kimi qiymətləndirərdim. Ermənilər belə addımlarla gücümüzü yoxlayırlar. Müəyyən etmək istəyirlər ki, biz nə qədər güclüyük və döyüşə hazırlığımız hansı səviyyədədir. Unutmayaq, sərhədin elə hissələri var ki, onlar zamanında işğal altında olduğu üçün indi yenidən qurulur. Odur ki, baş verənləri güc yoxlaması hesab edirəm”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə Ermənistanın son təxribatı və sərhəddə baş verən hərbi qarşıdurmanı şərh edərkən deyib.

A. İsazadə bildirib ki, baş verənləri hərbi dildə kəşfiyyat döyüşü adlandırırlar. Yəni qarşı tərəfi təxribata çəkməklə onun güc və imkanlarını dəqiqləşdirmək istəyirlər.

İsazadə xatırladıb ki, bundan əvvəl Ermənistan tərəfi Azərbaycana minalanmış bəzi ərazilərin xəritəsini verməyə hazır olduğunu açıqlayıb: “Biz dəfələrlə ermənilərin belə ikibaşlı oyununun şahidi olmuşuq. Bir tərəfdən müsbət, digər tərəfdən mənfi yöndə iş görürlər. Yəni bir-birinə zidd fəaliyyət sərgiləyirlər. Bu, onların köhnə taktikasıdır. Əgər niyyətləri keçsə, göstərəcəklər ki, özlərinə gəlirlər, iddialıdırlar və s. Yox, keçməsə, deyəcəklər ki, Azərbaycanın növbəti hücumu və ya təxribatı ilə üzləşiblər.

Digər tərəfdən, məncə, baş verənlərə Ermənistanın daxili siyasi vəziyyətinin də təsiri var. Xüsusulə, konstitusiya dəyişikliyinə dair müzakirələr və digər məqamları nəzərdə tuturam”.

Hərbi analitik təkrar edib ki, belə qarşıdurmaların davamını gözləmir: “Çünki tərəflər bunda maraqlı deyillər. Əvvəla, Azərbaycan istədiyini əldə edib, ərazilərini işğaldan qurtarıb. Üstəlik, bu mərhələdə Qərblə üz-üzədir, müəyyən təzyiqlər hiss edilir. Azərbaycana vəziyyəti gərginləşdirərək əlavə Qərb təzyiqləri ilə üzləşmək lazım deyil. Odur ki, hərbi gərginliyin davamlı olmasını istəmirik. Ermənilərin isə sadəcə, davam etmək üçün gücləri yoxdur”.

Geri qayıt