Əsas Səhifə > Partiya, Güney Press > "Bunsuz, etibarlı sülhü təmin etmək mümkün olmayacaq"
"Bunsuz, etibarlı sülhü təmin etmək mümkün olmayacaq"15-02-2024, 09:04 |
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın dövlət başçısı Ermənistanla sülh üçün vacib olan şərtlərə diqqət çəkib, dövlətimizin ənənəvi mövqeyini bir daha təkrarlayıb. Ölkə başçısı qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öncə öz qanunvericiliyində dəyişikliklər etməli, ölkəmizə qarşı ərazi iddialarından imtina etməlidir. Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Ermənistan qanunvericiliyində dəyişikliklərin aparılmasının vacibliyinə diqqət çəkib: “Ermənistan qanunvericiliyində qonşu ölkələrə, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı hər kəsə məlumdur. Bölgədə möhkəm, etibarlı sülhün mövcudluğu üçün öncə bu qanunların dəyişdirilməsinə, ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasına ehtiyac var. Əks təqdirdə, Ermənistan qanunvericiliyində yer alan bu müddəalar gələcək müharibə və qarşıdurmalara rəvac verə bilər. Məhz bu səbəbdən də Prezident İlham Əliyev bugünkü andiçmə məraisimində bildirdi ki, Ermənistan sülh istəyirsə, öncə öz qanunvericiliyində zəruri dəyişikliklər etməlidir. Bunsuz, etibarlı sülhü təmin etmək mümkün olmayacaq. Bu baxımdan, rəsmi İrəvanın Prezident İlham Əliyevin məlum çağırışından nəticə çıxarması, Azərbaycan dövlətinin bu tələbini yerinə yetirməsi vacibdir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, o zaman dövlətimizin bu tələbini yerinə yetirməlidir. Yalnız bundan sonra sülh istiqamətində növbəti addımların atılması təmin edilə, bu addımlar fayda verə bilər”. Geri qayıt |