Əsas Səhifə > Partiya, Güney Press > "Qərbdə müharibənin aparılmasının başqa üsullarının tətbiq olunması planları hazırlanır"

"Qərbdə müharibənin aparılmasının başqa üsullarının tətbiq olunması planları hazırlanır"


16-02-2024, 08:32
"Qərbdə müharibənin aparılmasının başqa üsullarının tətbiq olunması planları hazırlanır"
Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə baş tutmuş andiçmə mərasimində müstəsna dövlətçilik təcrübəsinə əsaslanan nitqi yeni dövrdə Azərbaycan üçün bütün sahələri konseptual formada əhatələyən mükəmməl yol xəritəsi hesab olunmalıdır. Məlumdur ki, bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. İnaqurasiya mərasimindəki çıxışla Prezident yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi. Dövlət başçısı vurğuladı ki, qarşıdakı dövr üzrə Azərbaycan ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə Ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, lakin beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Xüsusən Vətən müharibəsində və antiterror tədbirlərində qələbəmizin nəticəsi olaraq cənab İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz bu güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritetimiz olmalıdır ki, bütün mümkün təhdidləri zərərsizləşdirək. Prezidentin inaqurasiya mərasimindəki tarixi çıxışında qeyd etdiyi kimi, “biz, - İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri ilə sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Məhz bu məqsədlə sərhədlərimizin təhlükəsizliyinin daha da gücləndirilməsi zərurətdir. Dövlət başçısının təbiri ilə desək, “Bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq”. Müzəffər Ali Baş Komandanın özünün də vurğuladığı kimi, bu gün biz Azərbaycan üçün təhdid görmürük, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. Bu mənada, dövlət başçısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır və bu məsələ yeni dövrdə Azərbaycanın vacib prioritetlərindən olacaq. Prezident üçün ideoloji bütövlük və tamlıq, azərbaycançılıq ideologiyası, ailə dəyərlərinin qorunması, gənc nəslin milli məfkurə və vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiva olunur. Bu mənada əminliklə demək olar ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə olunacaq. Prezidentin ardıcıl qələbələri ilə Azərbaycanın ən qüdrətli dövrünü başlatmaqla elə siyasi konfiqurasiya formalaşdırıb ki, xalqımız milli birliyin əhəmiyyətini tarixin heç bir dövründə olmadığı qədər yaxşı başa düşür.

Millət vəkili Tural Gəncəliyev "Sherg.az"a vurğulayıb ki, Prezidentin andiçmə mərasimindəki çıxışı çox möhtəşəm, strateji vizyonu olan dərin çıxış idi. Deputatın sözlərinə görə, çıxışda son 20 ildə Azərbaycanın haradan haraya gəlməsi, siyasi-iqtisadi göstəriciləri, konseptual baxımdan analizlər və gələcəyə baxış əks olunmuşdu:
"Dövlət başçısının çıxışında önəmli məsələ ondan ibarət idi ki, artıq Azərbaycan regional yox, qlobal oyunçuya çevrilib. Azərbaycan qlobal gündəliyə düşən məsələlərin formalaşmasında daha aktiv və proaktiv siyasət aparacaq. Bu da Azərbaycanın yeni bir oyunçu olmasına, Türk dünyasının yeni güc mərkəzi kimi formalaşmasına zəmin yaradacaq. Azərbaycan Avrasiya məkanının, Türk dünyasının liderlərindən biri və yeni qlobal oyunçusudur. Cənab Prezident bunun mesajını verdi. Ölkəmiz irəliyə doğru əmin addımlarla gedəcək".

T.Gəncəliyev diqqətə çatdırıb ki, hərb meydanında qalib gəlsək də, bir anlıq belə sakitləşməməliyik, diqqəti əldən verməməliyik:
"Qərbdə müharibənin aparılmasının başqa üsullarının tətbiq olunması planları hazırlanır. Müharibələr hərb meydanı ilə yanaşı, insanların şüuru və ideologiyası üzərindən də aparılır. Cənab Prezidentin vurğuladığı kimi, bu risklər sərhəd tanımır. Kibertəhlükəsizliyə və ideoloji risklərə qarşı mübarizə aparmaq üçün güclü mənəvi dəyərlərə malik olmaq, gənclərin milli-vətənpərvərlik ruhunda yetişməsi çox vacibdir. Aqressiv fenimizm, LGBT və təhlükəli ideologiyalar Şərq cəmiyyətlərinə sırınmağa çalışır. Bunlar ümumbəşəri dəyərlərə zidd olan zərərli dəyərlərdir. Avropada yeni dəyərlərin üzə çıxardığı neofaşist partiyaların əsasında hərəkatlar meydana çıxmaqdadır. Sağ təmayüllü ifrat partiyalar böyük ehtimal Avropa Parlementində yay ayında keçiriləcək seçkiləri də qazanacaqlar. Bu da Qərbdə islamofob, türkəfob və azərbaycanafob meyillərin güclənməsinə gətirib çıxarır".

Geri qayıt