Əsas Səhifə > Partiya, Güney Press > “Minsk qrupunun rəsmən ləğvinin zamanı çatıb”

“Minsk qrupunun rəsmən ləğvinin zamanı çatıb”


20-02-2024, 00:02
“Minsk qrupunun rəsmən ləğvinin zamanı çatıb”
“ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib”.

Bunu Prezident İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib. Bununla da dövlət başçısı qəti mövqeyini bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb.

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır:

“Biz zamanında Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq da ATƏT-in Minsk qrupunun ləğv olunmasını tələb edirdik. Bununla bağlı çox sayda konfranslar da keçirmişik. Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya gəlməsinin qarşısını almağa çalışırdıq, aksiyalar keçirirdik. Bundan başqa, onların mətbuat konfransları keçirməsinə də əngəl olmağa çalışırdıq.

Çünki onlar anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurdular. İndi isə artıq dövlət səviyyəsində bununla bağlı konkret mövqe ortaya qoyulub. Ümumiyyətlə, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə ehtiyac yoxdur”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə mövqeyi qətidir:

“Dövlət başçısı artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac olmadığını vurğulayıb. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də həmişə anti-Azərbaycan mövqeyində olub. Ona görə onun fəaliyyətinə də lüzum yoxdur. Bundan başqa, digər fəaliyyətsiz qurumlar da lazım deyil.

Ona görə də artıq Azərbaycan bunu konkret şəkildə ortaya qoyur. ATƏT tərəfindən yaradılan bu qurum və təsisatlar ləğv olunmalıdır. Bu fəaliyyətsiz və ehtiyac olmayan qurumları artıq rəsmi qaydada ləğv etməyin zamanı çatıb”.

Geri qayıt