Əsas Səhifə > Partiya, Güney Press > "Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb"
"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb"22-02-2024, 08:11 |
Politoloq Oqtay Qasımov bununla bağlı “Cebhe.info”-nun suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik. - Oqtay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərinin arxasında hansı məqsədlər dayanır? - Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransından sonra Fransaya səfər etməsi maraq doğurur. Baxmayaraq ki, bu səfərin məqsədi ilə bağlı yayılan məlumat çox da inandırıcı görsənmir. Bildirilib ki, Paşinyanın Fransaya səfər etməkdə məqsədi bu ölkədə yaşamış hansısa ermənin dənf mərasimində iştirak etməkdir. Amma bu qədər də ciddi təsir bağışlamır. Çox güman ki, Nikol Paşinyan səfər zamanı Fransa Prezidenti Emmanuel Makron və Fransanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Paşinyan Makron ilə görüşündə, şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşə barədə məlumat verəcək. Həmçinin Paşiyan Makronun təlimatlarını da dinləyəcək. Heç kəsə sirr deyil ki, Paşinyan Fransanın diktəsi ilə hərəkət edir. Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları göz önündədir. Rəsmi Paris regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmamasında və gərginliyin uzun müddət qalmasında maraqlıdır. Parisdə hesab edirlər ki, iki ölkə arasında gərginliyin intensivləşməsi Fransanın regionda təsir imkanlarının artırmasına imkan yaradacaq. Fransa hər vəchlə bu istiqamətdə addımlar atmağa çalışır. Təbii ki, Fransanın Cənubi Qafqazla bağlı əsas geostrateji və geosiyasi maraqları Ermənistanı tam olaraq ələ keçirmək və Ermənistan üzərindən regionda öz mövqeyini möhkəmləndirmək, o cümlədən Zəngəzur dəhlizinə nəzarət etmək məqsədi daşıyır. Eyni zamanda Fransa Mərkəzi Asiyadakı uran ehtiyatlarına maraq göstərir və bu regiondan idxal edəcəyi uranı Cənubi Qafqaz üzərindən öz ərazisinə daşımaq niyyəti güdür. Bildirim ki, bu səfər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında keçirləcək görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə predmenti olacaq. - Necə düşünürsünüz, sülh prosesinin intensivləşdiyi bir zamanda Makron Paşinyana Azərbaycana qarşı növbəti təxribatların törədilməsi ilə bağlı təlimat verə bilər? - Hazırda Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Son dövrlərdə rəsmi Paris müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycanı təzyiqlər altında saxlamağa çalışır. 44 günlük Vətən müharibəsində də buna şahidi olmuşuq. Amma son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb. Avropanın müxtəlif institutlarında səsləndirilən anti-Azərbaycan bəyanatları, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı ədalətsiz qərarı buna sübutdur. Fransanın burada rolu danılmazdır. Fransa, habelə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslara da kölgə salır. Bu baxımdan Fransanın hərbi-siyasi rəhbərliyinin Ermənistan hakimiyyətinə Azərbaycana qarşı təxribatların törədilməsi ilə bağlı göstərişlər verməsi istisna deyil. - Nikol Paşinyan bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə, xüsusilə ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətlər qurmağa çalışır. Belə demək olarmı, Paşinyan Fransanı Ermənistanın təhlükəsizliyinə zamin duran müttəfiq ölkə kimi görmək istəyir? - Təbii ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı şantaj xarakterli bəyanatları davam edir. Bunun əsas səbəbi odur ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İrəvan Rusiyanın onun əvəzinə Azərbaycanla savaşmasını istəyirdi. Amma bu, baş vermədi. Bu səbəbdən Ermənistan onun təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxıb. Ancaq İrəvan onu da yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən qopub, başqa ölkənin təsir dairəsinə keçmək o qədər də asan deyil. Buna baxmayaraq, Ermənistan ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri möhkəmləndirməyə çalışır. Onu da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərb dairələrinin çox ciddi rolu olub. Bu baxımdan Paşinyanın bu siyasəti anlaşılandır. - Nə zamansa, Fransanın Ermənistanda hərbi bazasının əsasının qoyulması ehtimal olunur? - Bildirim ki, qlobal dünyada ciddi siyasi dəyişikliklər baş verməkdədir. Dünyada yeni nizamın qurulmasına yönələn proseslərin yaşanmasına şahidi oluruq. Qeyd edim ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda siyasi proseslərə ciddi şəkildə təsir edir. Bu müharibə nəticəsində regionla bağlı bir çox məsələlər özünü büruzə verəcək. Fransanın Ermənistanda hərbi bazasının olub-olmayacağı ilə bağlı məsələyə gəlincə, yaxın gələcəkdə bunun baş verməsi qeyri-mümkündür. Xatırladım ki, 2012-ci ildə İrəvan ilə Moskva arasında imzalanan müttəfiqlik müqaviləsinə görə, rus hərbçilərinin Ermənistanda qalma müddəti 2044-ci ilə qədərdir. Məhz bunun mümkün olub-olmaması beynəlxalq və regional səviyyədə baş verəcək proseslərdən asılıdır. - Ümumiyyətlə, Rusiya, Fransa, hətta İranın Ermənistanda birgə fəaliyyət göstərməsi nə dərəcədə mümkündür? Yəni, bu üç ölkə birlikdə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər? - Rusiya, Fransa və İranın bir araya gəlib Ermənistanda birgə fəaliyyət göstərməsi real görünmür. Doğrudur, bu üç ölkədən hər biri zamanla Ermənistandan bu və ya digər şəkildə Azərbaycana qarşı təzyiq alətə kimi istifadə etməyə çalışıblar, bundan sonra da çalışacaqlar. Amma nəzərə almalıyıq ki, 200 il ərzində Cənubi Qafqaza hökmranlıq edən Rusiya regionda güc mərkəzi olaraq qalmaqdadır və regiondakı öz mövqeyini hər hansı ölkə ilə bölüşmək istəmir. Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyini rus hərbçiləri nəzarət edir, habelə Ermənistanın bütün iqtisadi və enerji sektorları rus şirkətlərinin nəzarəti altındadır. Demək olar ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır. Bu baxımdan Fransanın Cənubi Qafqazda, ən əsası da Ermənistanda möhkəmlənmək üçün imkanları çox məhduddur. O ki qaldı İrana, təbii ki, Tehran hər zaman Ermənistanı dəstəkləyib. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən heç də məmnun olmayıb. Bildirim ki, Fransanın Cənubi Qafqazda yerləşməsi NATO-nun regionda olması anlamına gələ bilər. Hesab edirəm ki, Rusiya və İran Fransanın Ermənistanda təsir imkanlarının artmasında maraqlı olmayacaqlar. Daha doğrusu, hər ikisi buna mane olacaqlar. Ona görə ki, Rusiya və İran özünü Cənubi Qafqazda aparıcı güc mərkəzləri hesab edir, həmçinin regiona üçüncü bir qüvvənin gəlməsi Azərbaycan üçün də məqbul deyil. Qeyd edim ki, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə üçüncü qüvvələrin regiona gəlməsinin əlehinə olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Geri qayıt |