Əsas Səhifə > Partiya, Güney Press > "Rəsmi Parisin ikiüzlülüyünün həddi-hüdudu yoxdur"

"Rəsmi Parisin ikiüzlülüyünün həddi-hüdudu yoxdur"


26-02-2024, 09:19
"Rəsmi Parisin ikiüzlülüyünün həddi-hüdudu yoxdur"
"Yayılan məlumatlara görə, Fransa Ermənistana yeni silah partiyası - gecəgörmə cihazları, üç dəst GM200 radarı verib. Lakin onların ödənişi ilə bağlı heç nə deyilmir. Fransızların ənənəvi “sıx yumruqlarını” bildiyimiz üçün, Rusiyanın əvvəllər etdiyi kimi, Parisin də ermənilərə hədiyyə verməsi mümkün deyil".

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Fransanın Ermənistanı silahlandırmasından danışarkən deyib.

Onun sözlərinə görə, mediada Fransanın ödənişi Avropa İttifaqı tərəfindən yaradılan və Ukraynaya hərbi tədarükün ödənildiyi “Sülh Fondu”na köçürmək cəhdləri barədə məlumat yayıb:

"Ola bilərmi ki, Avropa Komissiyası sədrinin müavini, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel bu məsələni Brüsseldə qabartmaq üçün Ermənistana səfər etmək niyyətindədir?

Bu arada Fransa Yunanıstan və Kiprlə birlikdə Çexiya prezidenti Pavelin müvafiq AB Fondundan Ukrayna üçün zəruri olan təxminən 750 min mərmi və raket almaq təşəbbüsünün qarşısını alıb. Formal olaraq etirazlar sursatın Aİ-dən kənar ölkələrdən alınması ilə bağlıdır”.

R. Musabəyov qeyd edib ki, eyni zamanda, Fransa Türkiyənin “TB2 Bayraktar” dronlarının Ukraynaya tədarükü üçün Avropa İttifaqının ödənişini əngəlləyib: “Fransanın bu davranışı onun Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yaxınlarda imzaladığı müqaviləyə uyğun gəlmir. Rəsmi Parisin ikiüzlülüyünün həddi-hüdudu yoxdur. Makron hökuməti Ukraynadan imtina etməklə, eyni zamanda, Avropa İttifaqının Rusiyanın müttəfiqi və KTMT-nin üzvü olan Ermənistana öz silahlarının tədarükü xərclərini ödəməsi üçün lobbiçilik edir. Bu, Fransa siyasətinin məntiqsizliyidir".

Geri qayıt