Əsas Səhifə > Partiya, Güney Press > "Sülh məsələsi Ermənistanın konkret mövqe ortaya qoyması ilə bağlı deyil"
"Sülh məsələsi Ermənistanın konkret mövqe ortaya qoyması ilə bağlı deyil"27-02-2024, 14:02 |
Azərbaycan Prezidenti bütün şərtlərin icrası fonunda yekun sülhün əldə olunmasını təsadüfən gündəmə gətirməyib. Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu şərtlərin icrası vacibdir. Qarşılıqlı olaraq ərazilərin tanınması, sərhədlərin razılaşdırılması sülhün əsas dayaqlarındandır. Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. “Bu gün ermənilərin özünü necə aparmasının Ermənistan-Azərbaycan münasibətlərinə təsiri mövcuddur. Eyni zamanda burada Rusiya faktorunu unutmaq olmaz” - deyə o qeyd edib. Partiya sədri hələ də Ermənistanda Rusiyanın çaldığı havaya oynayan qüvvələrin olduğunu söyləyib: “Ona görə də, sülh məsələsi Ermənistanın konkret mövqe ortaya qoyması ilə bağlı deyil. Bütövlükdə ermənilərin birtərəfli qaydada Azərbaycana qarşı ərazi iddialarından imtina etdikdən sonra sülhə maneə olan əsl qüvvənin kimliyi üzə çıxacaq”. Sərdar Cəlaloğlu Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin Berlində mümkün görüşündən gözləntilərə də diqqət çəkib: “Sözsüz, ciddi razılaşma gözləntisi azdır. Berlin görüşü sadəcə olaraq yeni bir müstəvi kimi gündəmə gəlir. Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolzun təşəbbüsü ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü təşkil edilmişdi. Bu baxından Berlin görüşünü 4-cü müstəvi kimi də dəyərləndirmək olar. İki ölkə arasında yekun sülh sazişinin imzalanması üçün ciddi bir vaxt lazımdır”. Geri qayıt |