Əsas Səhifə > Partiya, Güney Press > "Bu qətnamələr sadəcə kağız parçasıdır..."
"Bu qətnamələr sadəcə kağız parçasıdır..."1-03-2024, 08:22 |
Berlində sülh danışıqlarının getdiyi bir zamanda Avropa Parlamenti növbəti təxribata əl atıb. Və Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə layihəsi hazırlayıb. Bu barədə Ermənistan Respublikası Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan öz “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, qətnamələrdə Azərbaycana qarşı dərhal sanksiyaların tətbiq edilməsi, Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumunu dayandırılması, neft və qaz idxalını dayandırmaq kimi təkliflər var. Qətnamədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının mandatını gücləndirmək, onun sayını artırmaq, müddətini uzatmaq və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirmək ilə bağlı təkliflər də yer alıb. Bundan başqa anti-Azərbaycan siyasətinin bir hissəsi kimi, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin fikirləri diqqət çəkib. Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə də diqqət çəkib: “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”. Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağaməli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Avropa Parlamentinin bu cür qətnamələrinə ilk deyil: “Əgər bu günə qədər Avropa Parlamentinin fəaliyyətini nəzərdən keçirsək görərək ki, bu qurum neçənci dəfədir ki, Azərbaycana qarşı heç bir hüquqi dəlilə əsaslanmayan qətnamə qəbul edir. Qəbul etdikləri qətnamələrin heç birinin konkret effekti olmayıb. Bu qətnamələr Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərməyib. Doğrusunu desək, bu qətnamələr sadəcə kağız parçasıdır. O ki qaldı sanksiyalar məsələsinə, əgər Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə cəhd edərsə, bundan daha çox Aİ və onun üzv ölkələr ziyan çəkəcək. Çünki Avropa İttifaqı və onun bəzi üzv ölkələri Azərbaycanın enerji tərəfdaşlarıdır. Hazırda Avropanın bir çox ölkələri Azərbaycandan təbii qaz idxal edir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada enerjiyə olan tələbat kifayət qədər artıb. Avropanın, həqiqətən təbii qaza ehtiyacı yaranıb. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının üzv ölkələrinə neft və neft məhsulları nəql edir. Avropa İttifaqının, o cümlədən Qərbi Avropa ölkələrinin Azərbaycanda neft və qeyri-neft sektoru üzrə mühüm investisiya layihələri var. Bu səbəbdən Avropa İttifaqı Azərbaycana sanksiya tətbiq etməyəcək. Ona görə ki, Azərbaycan beynəlxalq hüquq normalarınu və beynəlxalq insan hüquqlarını pozacaq addımlar atmayıb”. O, Jozef Borrelin bəyanatına da münasibət bildirib: “Bütün bunlar sadəcə Azərbaycana qarşı kampaniyanın tərkib hissəsidir və heç bir effekt verməyəcək”. Geri qayıt |