Əsas Səhifə > Partiya, Güney Press > "Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın"
"Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın"2-03-2024, 08:48 |
"Alternativ xidmətə keçmək haqqında fikirlər vaxtaşırı səsləndirilir və xeyli müddətdir ki, bu məsələ gündəmdədir. Bununla əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət əmək mükəlləfiyyəti keçməsi qaydası haqqında bir əsasnamə var. Bu əsasnamə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 31 iyul 1992-ci il fərmanı ilə imzalanıb və əsasnamədə alternativ xidmət keçmənin qaydaları, prinsipləri və şərtləri göstərilir və sonrakı dövrdə də bu məsələ parlamentdə bir çox deputatlar tərəfindən səsləndirilib. Ancaq Azərbaycan müharibə şəraitində olduğundan və torpaqlarımızın 20 faizi düşmən əsarətində olduğundan, bu məsələnin geniş şərhi və hər hansısa bir sənədin qəbul olunması mümkün olmamışdı". Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, vətənin müdafiəsi üçün hərbi xidmətdə olmaq hər bir vətəndaşın borcudur. Ancaq alternativ xidmətdə göstərilir ki, əgər vətəndaşların əqidəsi həm həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. “Biz düşmənlə uzun illər müharibə şəraitində yaşadıq. Sözsüz ki, həmin dövrdə bu mövzuda qərarın alınması mümkün deyildi. Müharibə bir daha göstərdi ki, ölkədə hər bir vətəndaş vətəni qorumaq üçün can atır və onun əqidəsi də, niyyəti də bir məqsədə köklənib, o da vətəni düşməndən xilas etmək, suverenliyimizi bərpa etmək və Azərbaycanın torpaqlarını azad, firavan görməkdir. 44 günlük müharibə bütün dünyaya bəyan etdi ki, dinindən, əqidəsindən, mənsubiyyətindən, siyasi partiyasından aslı olmayaraq hər kəs vətən torpaqlarının azad olunması üçün döyüşə atıldı və öz şücaətini göstərdi. Çətin döyüşlər zamanı bir nəfər də olsun ordumuzda fərari tapılmadı. Ancaq erməni ordusundan nəinki minlərlə əsgər, eləcə də zabitlər fərarilik etdilər və döyüş meydanını qoyub, qaçdılar. Bu da onu göstərdi ki, xalq, insanlar ali baş komandan İlham Əliyev ətrafında sıx birləşib əqidəsindən asılı olmayaraq, hər bir kəs vətən üçün döyüşməyə hazırdır”-deyə Tahir Rzayev bildirib. Deputat qeyd edib ki, torpaqlar düşməndən azad olunandan və sərhədlərimiz möhkəmlənəndən sonra alternativ xidmət haqqında məsələnin gündəmə gətirilməsi təbii hesab olunmalıdır. Çünki bu, bir təklifdir və bu təklif dəstəklənərsə, belə bir məsələnin müzakirə olunub, haqqında qərar qəbul edilməsi mümkün olar. Deputatın fikrincə, bunun özü də bir xidmətdir. “Ola bilər ki, insan əqidəsinə görə, həqiqi hərbi xidmət keçmək iqtidarında olmasın. Onlara müəyyən qaydada güzəştlər edilməsi vacibdir. Belə bir halda, alternativ xidmətə keçmək mümkündür. Bunun özü də bir xidmətdir. Çünki bu xidmətə yönəldilənlər, bu xidməti keçənlər çox vacib məsələlərin, tikintilərin, təmir-bərpa işlərinin, yaşayış evlərinin, sosial, mədəni müəssisələrin və digər vacib olan işlərin görülməsində yaxından iştirak edə bilərlər. Bunun xüsusi qaydaları müəyyənləşdirilməlidir. Bu xidmət sahələrinin obyektləri dəqiq müəyyən olunmalıdır. Burada bu insanlar sıravi işlərdə çalışmalıdırlar. Özlərinin qüvvəsini quruculuq, tikinti və abadlıq işlərinə yönəltməlidirlər. Sovetlər dövründə də hərbi xidmətdə olanların bir çoxları, məhz belə işlərə cəlb olunurdular. Onlar dəmir yollarının çəkilməsində, hərbi obyektlərin tikintisində, müəyyən sərhəd zastavalarının, buraxılış məntəqələrinin, avtomobil magistrallarının və yaşayış evlərinin tikintisində bir fəhlə kimi çalışırdılar. Müəyyən qaydada əmək haqqı alırdılar. Alternativ xidmətdə bu məsələləri özündə cəm edə bilər”-deyən Tahir Rzayev əlavə edib ki, Azərbaycanda "soyuq müharibə"yə tam son qoyularsa və sülh müqaviləsi imzalanarsa, bundan sonra bu barədə düşünməyə dəyər. Geri qayıt |