Əsas Səhifə > Partiya, Güney Press > "Vasitəçilik təşəbbüslərindən tamam imtina edilməlidir"
"Vasitəçilik təşəbbüslərindən tamam imtina edilməlidir"6-03-2024, 09:47 |
Martın 6-da Almaniya Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu keçmiş, qondarma “Artsaxın mədəni irsi” adlı qərəzli tədbir keçirəcək. Bakı etirazını bildirib və qeyd edib ki, bu, qarşılıqlı etnik nifrəti artıran, sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir və buna imkan verilməməlidir. Almaniya və Azərbaycan arasında təmasların intensivləşdiyi bir vaxtda qərəzli və ermənipərəst təbliğat tədbirinin təşkili düşündürücü suallar doğurur. Qarabağ mövzusu artıq bitib və Qarabağ erməniləri ilə bağlı məsələ də Azərbaycanın daxili işidir. Özünü artıq danışıqlarda üçüncü tərəf sayan Almaniyada - Avropa İttifaqının mərkəzində belə bir tədbir keçirilməsi göstərir ki, bu ölkə Fransanın səhvlərini real olaraq davam etdirə bilər. Almaniya kansleri Olaf Şoltsun yeni bir imic qazanması üçün imkan yaranıb. Həm Emmanuel Makron, həm də Şoltsun Ukraynada müharibənin başlamaması üçün apardıqları danışıqlar nəticə verməmişdi, iflasa uğramışdı. Almaniya, Fransada da çox yaxşı bilirlər ki, Qarabağ erməniləri ilə bağlı nə qərar çıxarsalar, nə tədbir keçirsələr bölgədəki proseslərin qarşısını ala bilməzlər. Həmin tədbiri maliyyələşdirənlərdən biri "Soros" Fondudur. "Soros" Fondu Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirib, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında bütün inqilablara rəhbərlik edib, amma Azərbaycanda son 20 ildə istəyinə çata bilməyib. Berlində martın 6-da tədbir keçiriləcəyi halda Azərbaycan-Almaniya münasibətlərinə ciddi təsir edəcək. Eyni zamanda belə bir tədbirin keçirilməsi sülh prosesinə də zərbə vuracaq. Xatırladaq ki, Azərbaycan QHT-si Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, Ermənistan və separatçı rejim Azərbaycan ərazisini işğal altında saxlayaraq, maddi və mədəni irsimizi məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Amma Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irsinin məhvi barədə hesabatlar yaymayıblar. AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, o, "Avropada, Almaniyada sülh istəyən qüvvələr və buna qarşı çıxanlar var" yanaşması ilə razı deyil. Partiya rəhbərinin sözlərinə görə, ümumiyyətlə, Avropada aparıcı qüvvələr, digər ölkələrə təsir imkanlarına sahib olan siyasi-iqtisadi dairələr bu məsələdə Azərbaycanın əleyhinədir: "Onların hamısı birmənalı Ermənistanın mövqeyini dəstəkləyir. Biz bu həqiqəti görməliyik və ona fərqli şərhlər verməməliyik. Gördüyümüz işlər də həmin istiqamət üzrə olmalıdır. Fransanın vasitəçiliyindən, təşəbbüslərindən onun qərəzli mövqeyinə görə imtina etdik. Paris açıq-aşkar İrəvanın tərəfini tutduğu üçün bu ölkənin vasitəçilik statusundan çıxış etməsi qeyri-mümkündür. Sonra Münhendə əldə olunmuş razılığa görə, XİN başçıları arasında görüş keçirildi. Hətta nazirlər arasında üçlü formatda müzakirələr aparıldı. Bunun ardınca təxribatyönlü addımları müşahidə etdik. İndi bəziləri iddia edirlər ki, Almaniya hökuməti fərqli mövqedədir və təxribatçı tədbirləri təşkil edənlər ermənipərəst qüvvələrdir. Elə deyil. Kansler başda olmaqla digər rəsmilər də birmənalı olaraq Ermənistanın yanındadır. Sadəcə, Fransa mövqeyini açıq elan edir, digər Qərb dövlətləri isə gizlətməyi üstün tuturlar. Ona görə də hansı ölkə olmasından asılı olmayaraq, vasitəçilik təşəbbüslərindən imtina edilməlidir". T.Abbaslının qənaətincə, bütün təmaslar ikitərəfli qaydada baş tutmalıdır, yaxud da görüşləri və danışıqları birdəfəlik dayandıraraq Ermənistanla məsələni meydanda həll etməliyik: "Dünyadan, Qərb ölkələrindən ədalət, obyektiv yanaşma gözləmək sadəlövhlükdür. Onun ümidinə qalsaq, prosesin sonu gəlməyəcək. Bunu ilk dəfə yaşamırıq. 30 il ərzində dünya birliyinin işğala, təcavüzə, soyqırımlara necə kar, kor, lal olduqlarını görmüşük. Dəyişən heç nə yoxdur axı. Niyə həmin ölkələrin, beynəlxalq qurumların səmimi olduğuna inanaq ki?! Bizə olan münasibətdə köklü dəyişiklik yoxdur. Hətta sabah Almaniya Bundestaqı bizi işğalçı kimi qəbul etsə, ona da təəccüblənməməliyik. Öz dostlarımızı, müttəfiqlərimizi dəqiq müəyyənləşdirməliyik. Addımlarımızı da onlarla birgə atmalıyıq". Geri qayıt |