Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycan Türkiyə modelinə keçə bilər
Azərbaycan Türkiyə modelinə keçə bilər9-03-2024, 08:35 |
“Biz Ümid Partiyası olaraq Konstitusiya islahatları ilə bağlı öz təkliflərimizi ictimaiyyətin müzakirəsinə təqdim etmişik”. Bu sözləri Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Seçki Məcəlləsi ilə bağlı da dəyişikliklərin edilməsi ilə bağlı təkliflər veriblər: “Həmçinin, təhsil və səhiyyə istiqamətində də proqramlarımızı ictimaiyyətə təqdim etmişik. Bundan sonra isə digər istiqamətlərdəki proqramlarımız təqdim olunacaq. Seçki qanunvericiliyinin necə olmasından asılı olmayaraq, Ümid Partiyası Azərbaycanda bütün seçkili orqanların vaxtında, azad, şəffaf və ədalətli şəkildə formalaşmasının tərəfdarıdır. Ümid Partiyası olaraq ölkədə proporsional seçki sisteminin bərpasının, siyasi partiyaların siyasi sistemdə yerinin gücləndirilməsi baxımından vacib və əhəmiyyətli hesab edirik. O cümlədən, bələdiyyə seçkilərində proporsional seçki sisteminin tətbiqini doğru və vacib hesab edirik”. Həmsöhbətimiz qeyd edib ki, bununla bağlı zaman-zaman müxtəlif versiyalar gündəmə gəlib: “Hətta son zamanlar bununla bağlı 3 istiqamətdə fikirlər səsləndirilir. Bunlardan biri parlamentdə deputatların sayının artırılması və proporsional seçki sisteminin bərpa edilməsidir. İkincisi, Azərbaycanda iki palatalı parlament sisteminin formalaşdırılmasıdır. Üçüncü variant isə Azərbaycanda prezidentli respublika modelindən parlamentli respublika modelinə keçidlə bağlı olan təklifdir. Hesab edirəm ki, hakimiyyət tərəfindən bunlarla bağlı cəmiyyətdə rəsmi müzakirə başladılmadığı üçün ehtimalların üzərindən danışmaq doğru olmaz. Amma partiya olaraq parlamentdə deputat sayının artırılması ilə proporsional seçki sisteminin bərpa edilməsi lazımdır. Həmçinin, bələdiyyə seçkilərində də proporsional seçkinin tətbiq edilə bilər. Bundan başqa, icra hakimiyyətləri ləğv olunaraq, bələdiyyələrin gücləndirilməsi lazımdır. Hesab edirəm ki, Türkiyə modelinə keçid edə bilərik”. Taleh Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda Konstitusiyasının Seçki Məcəlləsinin tələblərinə görə ölkəmizdə parlament seçkiləri majoritar qaydada 125 dairə üzrə keçirilir: “Hansı seçki sistemi tətbiq olunsa, biz də ona uyğun hazırlaşacağıq. Bu il növbədənkənar prezident seçkisi keçirildi. İki seçkinin daha keçirilməsi gözlənilir. Həmçinin, referendumla bağlı da uzun müddətdir söz-söhbətlər gəzir. 2020-ci ildə keçirilən parlament seçkiləri növbədənkənar olduğuna görə, hazırkı parlamentin səlahiyyət müddəti 2025-ci ilin 9 fevralında tamamlanır. Lakin onun 2025-ci ilin noyabr ayına qədər fəaliyyətini davam etdirməsi Konstitusiya normalarının pozulması anlamına gələcək. Ona görə də növbəti parlament seçkilərinin vaxtından əvvəl, bu ilin 3 noyabr tarixində keçirilməsi Konstitusiya öhdəliyidir. Hakimiyyət bundan öncə növbədənkənar seçki də keçirə bilər. Bütün bunların fərqində olan Ümid Partiyası həm bələdiyyə seçkiləri, həm də parlament seçkilərinə siyasi təşkilat olaraq hazırlaşır. Biz partiya olaraq yanaşmamız növbəti seçkilərə sonuncu seçkilərin səhəri günündən hazırlaşmaqdır. Ümid Partiyası hər seçkidən sonra partiyanın uğurlu və uğursuz tərəflərini təhlil edir. Növbəti seçkilərdə uğurlu tərəfi davam etdirmək, uğursuz olan tərəfi isə aradan qaldırılması üçün çalışırıq. Bizdə seçki prosesinə kəsintisiz və davamlı proses kimi baxılır”. Geri qayıt |