Əsas Səhifə > Partiya, Güney Press > Bu seçkilərdə partiyamız parlament partiyası olacaq

Bu seçkilərdə partiyamız parlament partiyası olacaq


13-03-2024, 12:47
Bu seçkilərdə partiyamız parlament partiyası olacaq
Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra növbədənkənar parlament seçkilərinin də keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib. Qanunvericiliyə görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

2020-ci ildə baş tutan seçkilər növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir.

Parlament seçkilərinin dəqiq nə vaxt keçirləcəyi məsələsi gəlincə, bunun üçün təqvimə baxmaq lazımdır. 2020-ci ildə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü 2024-cü ilin noyabr ayının 3-nə düşür. Növbədənkənar seçkilər keçirilməyəcəyi təqdirdə, Azərbaycanda növbəti parlament seçkilərinin məhz bu tarixdə keçiriləcəyini deyə bilərik.

Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib. Bəzi siyasi partiyalar növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlar görürlər.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında seçkilərə hazır olduqlarını və bu dəfə parlament partiyası olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

"Müasir Müsavat Partiyası olaraq biz həmişə seçkilərə hazırıq. Çünki hər bir partiyanın məqsəd və məramı seçkilərdə iştirak etməkdir. Prezident seçkilərində partiyamız çox fəal iştirak etdi və ölkə başçısı cənab İlham Əliyevə səs verilməsi üçün geniş təbliğat-təşviqat işləri apardı. Biz bundan sonra keçiriləcək seçkilərdə iştiraka hazırıq. Seçki ilə bağlı nə zaman qərar verilsə, həmin andan da seçki qərargahımız fəaliyyətini davam etdiricək. Bundan sonra bələdiyyə seçkiləri və referandum məsələləri də var. Düşünürəm ki, seçki çox normal və demokratik keçiriləcək. Partiyamızın parlamentdə təmsil olunması üçün əlimizdən nə gəlirsə, edəcəyik. Seçkinin vaxtı bilinən kimi, biz təbliğat-təşviqat işlərinə başlayacağıq”.

H.Hacıyev parlamentdə nə qədər üzvlə təmsil olunmaqla bağlı məsələyə də toxunub:

“Seçkinin hansı formada olacağını bilmirik. Söhbət gəzir ki, seçkilər proporsional qaydada təşkil olunacaq. Seçki qərarı veriləndən sonra məsələ daha da aydın olacaq. Lakin parlamentdə dövlətçiliyi müdafiə edə biləcək kifayət qədər ziyalılarımız, ləyaqətli insanlarımız, gənclərimiz var. Onların bu səfər parlamentdə təmsil olunmasına çalışacağıq. Əminəm ki, bu səfər partiyamız parlament partiyası olacaq. Dövlətçiliyimizi parlamentdə müdafiə etməkdən ötrü böyük səylər göstərəcəklər. Layiqli namizədlərimiz var”.

Geri qayıt