Əsas Səhifə > Partiya, Güney Press > "Qazaxıstan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahələrində müəyyən anlaşmalar imzalansa da..."

"Qazaxıstan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahələrində müəyyən anlaşmalar imzalansa da..."


19-03-2024, 09:10
"Qazaxıstan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahələrində müəyyən anlaşmalar imzalansa da..."
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Ermənistana səfər edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə İrəvanda görüşüb. Görüşün "tet-a-tet" formatda keçirildiyi bildirilib. İki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh prosesindən də danışıb. Deyib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir. Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım Comart Tokayev ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə arasında mühüm sənədlər imzalanıb. Tokayev Qarabağa səfər edərək dövlət başçısı İlham Əliyevlə birgə bir sıra tikililərin açılışını ediblər və görülən işlərlə tanış olublar.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Qazaxıstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Ekspertin sözlərinə görə, Qazaxıstan prezidentinin Azərbaycana səfəri, Qarabağa, Şuşaya gedişi və ortaq layihələrdə iştirakı göstərir ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir:

"Nəzərə alaq ki, Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələridir. Həm də artıq Azərbaycanla Ermənistan arasında münaqişə bitib. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Qazaxıstan prezidentinin Azərbaycana səfərindən sonra XİN başçısının da Ermənistana getməsi rəsmi Bakı ilə razılaşdırılıb. Qazaxıstan tərəflər arasındakı sülh danışıqlarında vasitəçi ola bilər. Düzdür, əsas proses Qərblə aparılır, amma Qazaxıstan və Ermənistan arasında da müəyyən əlaqələr var. Ola bilər ki, Qazaxıstan rəsmisi Ermənistanın KTMT ilə bağlı mövqeyini dəqiqləşdirmək üçün İrəvana yollanıb. İndiki dönəmdə Qazaxıstan və Ermənistan arasında iqtisadi və nəqliyyat sahələrində müəyyən anlaşmalar imzalansa belə, bu heç də ikitərəfli iqtisadi əlaqələrin inkişafına gətirib çıxarmayacaq. Azərbaycan bu məsələlərdə ciddi etiraz etmir. Əsas odur ki, Qazaxıstan KTMT üzvü olsa da, hər şəraitdə Azərbaycanın tərəfini tutub, bizi müdafiə edib. O baxımdan XİN rəhbərinin İrəvana səfərində hansısa problem görmürəm".

Geri qayıt