Əsas Səhifə > Partiya, Güney Press > "Hamısının layiqli cavabını verməyə qadirik"

"Hamısının layiqli cavabını verməyə qadirik"


21-03-2024, 09:40
"Hamısının layiqli cavabını verməyə qadirik"
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz bayramı münasibəti ilə xalqı təbrik edərkən 44 günlük müharibədən sonra yaranmış vəziyyətdən danışıb. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsində məğlubiyyət ermənilərə dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı: "Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtılə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir". Ölkə rəhbəri qeyd edib ki, hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir: "Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirəcək. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər". Prezident bəyan edib ki, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınıb: "Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Xankəndi Sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası, "parlament binası" və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür. Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özləri peşman olacaq".

Prezidentin mesajlarını "Sherg.az"a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tamamilə uyğun olsa da, ölkəmizin suverenliyinə təhdidlər davam edir. Deputatın sözlərinə görə, hələ də Ermənistanda revanşist fikirlər səsləndirilir:
"Ermənistan ehtiyac olmadığı halda silahlanır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olan və təhlükəsizliyin qarantı olmalı olan Fransa Azərbaycana qarşı vaxtaşırı hücumlar edir, qərəzli addımlar atır. Azərbaycan öz qətiyyətli mövqeyini cənab Prezidentin çıxışı ilə bir daha diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, heç kəs Azərbaycanın suverenliyini şübhə altına almağa cəhd göstərməsin. Azərbaycan özünü qorumağa, suverenliyini daim möhkəm saxlamağı bacarır. Bunu sübut etmişik. Kimsə "bəlkə də qaytardılar" prinsipi ilə yenidən əvvəlki illərə qayıdacağını zənn edirsə, bu, qeyri-mümkündür. Azərbaycanın zəif vaxtında ölkəmizin dəyərli və böyük siyasətçisi, xalqımızın böyük oğlu Heydər Əliyevi siyasətdən kənarda saxlamaqla Azərbaycana qarşı böyük problemlər yaratdılar. Amma bu gün Ulu Öndərin siyasi kursu davam etdirilir. Prezidentin düşünülmüş siyasəti Azərbaycana uğurlar qazandırır. Güclü dövlətimiz, ordumuz, daxili birliyimiz var. Beynəlxalq aləmdə nüfuza malikik. Heç kim Azərbaycan əleyhinə çirkin planlar qurmağa cəhd etməsin. Hamısının layiqli cavabını verməyə qadirik. Cənab Prezident bizim hamımızın fikirlərini ümumiləşmiş şəkildə diqqətə çatdırdı. Xalq dövlət başçısının bəyanatlarını bəyənir və dəstəkləyir".

Geri qayıt