Əsas Səhifə > Partiya, Güney Press > "30 il Qarabağ torpaqlarını ermənilərin işğal etməsinə göz yumanlar...

"30 il Qarabağ torpaqlarını ermənilərin işğal etməsinə göz yumanlar...


29-03-2024, 08:40
"30 il Qarabağ torpaqlarını ermənilərin işğal etməsinə göz yumanlar...
Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada mitinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, bəzi Qərb yönümlü qüvvələr Türkiyənin və bölgənin sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb:

“Son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur. Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.

Ərdoğanın fikirlərini “Sherg.az”a dəyərlənirən AĞ partiya sədri Tural Abbaslı söyləyib ki, dünyada mövcud olan müəyyən qlobal güclər var və onlar tarazlığın dəyişməsini istəmir:
“Həmin qlobal güclər Türkiyənin də inkişaf etməsini və nüfuzunun artmasını arzulamırlar. Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədir. Yəni Azərbaycanın güclənməsi və ərazilərini azad etməsi Türkiyənin də regionda təsirini artıracaq. Yəni Azərbaycan əleyhinə təzyiqlər və Qarabağ məsələsində külək əsən kimi Birləşmiş Millətlər Təşkilatı Şurasının toplanmasında hədəf eyni zamanda Türkiyədir. Fələstin uzun illər Osmanlının tərkibində olub. Heç bir dini fərq qoyulmadan rahat şəkildə insanlar yaşayıblar. Amma Osmanlını oradan zordan çıxardıqdan sonra qan-qada dayanmayıb. Mövcud qüvvələr qardaş ölkənin bütün türk-islam dünyasında təsirinin olduğunu yaxşı bilirlər. Buna görə də Türkiyənin qarşısına çıxırlar. Amerika, Böyük Britaniya və Fransa ilə yanaşı Rusiya da bəzi məsələlərdə onlarla birgə Türkiyəyə qarşı fəailiyyətdə olub. Məsələn, Qarabağ məsələsində Amerika, Fransa və Böyük Britaniyanın fikirləri tam üst-üstə düşürdü. 30 il Qarabağ torpaqlarını ermənilərin işğal etməsinə göz yumanlar, bu gün Azərbaycana sülh imzalamaqla bağlı təzyiqlər edir. Eyni zamanda ermənilərin Qarabağa qayıtması ilə bağlı təminatın verilməsini istəyirlər. Ancaq 30 il bir milyona yaxın azərbaycanlının öz torpaqlarına qayıtması ilə bağlı heç bir söz demirdilər. Bu həqiqətləri nə qədər tez başa düşsək və dünyanın gözünə üflədikləri demokratiya, hümanizm kimi oyunlardan ayılsaq o qədər də yaxşı olar. Ukrayna bizə ən yaxşı nümunə olmalıdır”.

Geri qayıt