Əsas Səhifə > Partiya, Güney Press > Fazil Mustafaya sui-qəsdlə bağlı yeni detal...
Fazil Mustafaya sui-qəsdlə bağlı yeni detal...30-03-2024, 10:43 |
Ötən il martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Fazil Mustafanın vəkili tərəfindən məhkəməyə ərizə təqdim edilib. Ərizədə Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. Hakimlər ərizəni cinayət işinə əlavə edilməsi barədə qərar qəbul ediblər. Daha sonra şahid qismində Xəyyam Musayev ifadə verib. O bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə təqsirli bilinib və Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Şahid deyib ki, təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıb. Onun sözlərinə görə, Rəşad Əhmədov ona tapança verib: "Mən də həmin silahı özündə saxlamışam. Mən ötən ilin may ayında həbs edilmişəm. Buna səbəb silah satmağım olub. Elşən adlı şəxsə silah satmışam. Ona silahı satanda qiymətini 1600 manat dedim. Amma 800 manata satdım. Həmin silah Rəşadın mənə verdiyi silah idi. Sonra Elşənin özünü də həbs ediblər". Şahid qeyd edib ki, Rəşad Əhmədovun silahı ona nə vaxt verdiyini xatırlamır. Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları ifadə veriblər. Onlar bildiriblər ki, 2023-cü ilin aprelin 14-də Rəşad Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olub. Onların sözlərinə görə, daxil olmuş məlumat əsasında Qaradağ rayonunun Ələt qəsəbəsində Rəşad Əhmədovun saxlayıblar, daha sonra baş idarəyə gətiriblər. Şahidlər deyiblər ki, idarədə Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub. Bundan sonra hakim deyib ki, iş üzrə iki şahid qalıb, bunlardan biri polis əməkdaşı və digəri isə Tünzalə Kərimovadır. Hakim bildirib ki, polis əməkdaşı növbəti iclasa dəvət olunacaq. Amma tərəflərin razılığı ilə Fazil Mustafanın qonşuluğunda yaşayan Tünzalə Kərimovanın istintaq zamanı verdiyi ifadəsi elan edilib. Tünzalə Kərimova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2023-cü ilin martın 28-də, saat 21:50 radələrində yaşadığı evdə olarkən çöldə atəş səsləri eşidib: "Hamamın nəfəsliyindən bayıra baxdım. Boyu təxminın 170-175 santimetr hündürlüyündə, əynində qara paltar, başında kapuşon olan, kişinin qaçdığını gördüm. Hava qaranlıq olduğu üçün onun üzünü görə bilmədim". Növbəti proses aprelin 5-də davam edəcək. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib. Geri qayıt |