Əsas Səhifə > Partiya, Güney Press > Türkiyənin təklif etdiyi yol xəritəsi ən real, ən optimal həll yoludur
Türkiyənin təklif etdiyi yol xəritəsi ən real, ən optimal həll yoludur2-04-2024, 10:26 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran rəhbəri İbrahim Rəisi arasında telefon danışığı olub. Görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstin torpaqlarına hücumları və bölgədəki humanitar vəziyyət müzakirə edilib. Ərdoğan görüş zamanı Qəzzada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının atəşkəs qərarının yaxın zamanda həyata keçirilməsi üçün səylərin artırılmasının vacib olduğunu və bu prosesdə əl-Fəth və HƏMAS-ın birlik içində hərəkət etməsinin vacibliyini vurğulayıb. Ərdoğan İsrailin gərginliyi bölgəyə yaymaq cəhdlərinin qarşısını almaq üçün birgə çalışmağın zəruri olduğunu da dilə gətirib. Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Fələstin probleminin həlli məsələsi aktualdır. Ekspertin sözlərinə görə, artıq "bıçaq sümüyə dirənib" və dünya gücləri fərqli qütblərdə qarşı-qarşıya gəlib: "Ukrayna savaşı kimi başqa problemlərin də yaşandığı bir ərəfədə Fələstin məsələsinin açıq qalması dünya üçün təhdid vəd edir. Hətta dünya savaşına da yol aça bilər. Əsasən, Türkiyə obyektiv və ədalətli mövqe tutaraq hər iki problemin, hər iki savaşın durması üçün ciddi səylər göstərir. İranın qeyri-ciddi və qeyri-adekvat addımları, aqressiv, subyektiv siyasət aparması hər iki münaqişənin daha da alovlanmasına gətirib çıxarır. Türkiyənin Fələstin məsələsindəki mövqeyi məlumdur və daha ədalətlidir. Şübhəsiz, BMT-nin qətnamələri üzrə bu problemin həlli mümkündür. Lakin İran İsrailə dəstəvuz verməklə məsələni daha da gərginləşdirib, sülhdən uzaqlaşdırıb. Bu da yalnız Fələstin xalqının soyqırımına səbəb olur. İran eynən İmam Hüseyni çağırıb ölümə verən keçmiş Kufə əhli kimi davranır. Çağır, öldür, sonra da başına döy, ağla. Hazırda Qəzza bölgəsində durum misli görünməyən dərəcədə ağırdır. İnsanlığın son əsrdə şahid olmadığı faciələr yaşanır. Hər şeydən öncə, geri çəkilmək də olsa, uşaq ölümlərini durdurmaq gərəkdir". Analitik hesab edir ki, İran müsəlman ölkələrinin ittifaqa gələrək bu məsələnin birlikdə həllinə mane olur: "HƏMAS və Fəthin birliyinə də ciddi mane olan maraqlı qüvvələr var. Türkiyənin bu yöndəki istəyi tam ciddi və həllə aparan yoldur. Məhz Rəisi ilə söhbətdə bu nöqtəyə toxunması da təsadüfi deyil. Yəni vəhdətə mane olmaq ziyan verir, deməkdir. Həmçinin bu danışıqlar məsələnin həllində Türkiyə ilə İranın da ortaq təsir vasitələrini birləşdirməsinə vasitəçi ola bilər. Fərqli münasibətlər prosesi ləngidir və nəticədə qan tökülməsi dayanmır, Fələstinin işğalı davam edir. Fələstin artıq əldən gedir. Odur ki, Rusiya, Türkiyə, İran, Pakistan kimi bu məsələyə bilavasitə aidiyyəti olan dövlətlərin ortaq rəyi və hərəkəti lazımdır". T.İrfanın qənaətincə, mümkündür ki, Qərbin Qafqazda qərar tutması cəhdi və bunun nə dərəcədə reallaşması mövzusunda da danışıqlar olsun: "Regionu maraqlandıran bir mövzu ətrafında təbii ki, fikir mübadiləsinin olması labüddür. Hər bir halda Qərbin regionda və Cənubi Qafqazdakı niyyətləri, cəhdləri, planları Türkiyəyə məlumdur və yerləşməsinin nə kimi təsirlər buraxacağı da aydındır. Rəsmi İrəvanın təxribatçı addımlarına İranın dəstək verib-verməməsi də Qərbin Cənubi Qafqaza yerləşməsinə münasibətə görə dəyişə bilər. İran bir növü ərköyün uşaq siyasəti apararaq demək istəyir ki, siz Qərbin Cənubi Qafqaza yerləşməsinə şərait yaratsanız, bu, İran üçün təhdiddir və biz də Ermənistana dəstək verəcəyik. Əvvəla qeyd etdim ki, Türkiyə həm özünə, həm də qonşu region ölkələrinə Qərbin ziyan verə biləcək addımlarına imkan verməz. İkinci tərəfdən isə İranın İrəvanı dəstəkləməsi yalnız heyif çıxmaq mahiyyəti daşıya bilər. Reallıqda isə Qərb - Fransa, ABŞ kimi üzdə İrana qarşı olan dövlətlər də Ermənistanı dəstəkləyir. Onda belə çıxır ki, İran öz düşmənləri ilə həmrəydir. Məntiqsiz dəstək heç Ermənistana da sərf etmir. Çünki Qərb istəmir ki, İran Ermənistanın yanında olsun. Hər bir halda region ölkələri istər Fələstin məsələsinin ölkələrimizdə buraxdığı təsirlər mövzusunda, istərsə də Ukrayna-Rusiya savaşı mövzusunda danışıqları ayırmalı, səyləri gücləndirməli, anlaşılmaz mövzuları aradan qaldırmalıdırlar. Əks halda Qərb məkrli planlarını Ermənistanın əli ilə həyata keçirməyə cəhd edib region ölkələrinin maraqlarını toqquşdura bilər. Türkiyə bu məsələlərdə, problemlərin həllində maraqlı tərəf kimi öncüllüyü də öhdəsinə götürüb real addımlar ata bilər. Daha doğrusu, bu addımları atmaq üzrədir. Ərdoğanın Rəisi ilə danışıqları da məhz Türkiyənin həlledici məsələlərdə vacib tərəfdaş olduğunu bir daha sübut edir. Türkiyəsiz bu proseslərin irəliləməsi mümkün deyil, habelə Türkiyənin təklif etdiyi yol xəritəsi də ən real, ən optimal həll yoludur" Geri qayıt |