Əsas Səhifə > Partiya, Güney Press > "5 aprel Brüssel görüşü doğrudanmı Azərbaycan üçün təhlükədir?"
"5 aprel Brüssel görüşü doğrudanmı Azərbaycan üçün təhlükədir?"4-04-2024, 12:46 |
“Qərb dairələri onsuz da son vaxtlar Azərbaycan üçün problemlər yaradırlar və buna davam edirlər. Avropa Şurası Parlament Assambleyasının son qərarları, eyni zamanda Avropanın ayrı-ayrı ölkə rəhbərliklərinin ölkəmiz əleyhinə bəyanatları, ümumilikdə bizə qarşı təzyiq siyasəti - bütün bunlar, əlbəttə ki, Azərbaycan üçün təhlükə yaradır”. Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov bu fikirləri Moderator.az əməkdaşının “Sizcə, aprelin 5-də Brüsseldə gözlənilən Avropa Birliyi və ABŞ nümayəndələrinin Ermənistanın baş naziri N.Paşinyanla üçtərəfli görüşü doğrudanmı Azərbaycanın milli maraqları üçün problem yaradır?” sualını cavablandırarkən dilə gətirib. “O da var ki, Azərbaycanın mövqeyi haqlı olsa da, ancaq hələlik biz həmin mövqeyimizi dünya və ayrıca Avropa səviyyəsindəki ictimai rəyə yeridə bilməmişik. Təəssüf ki, bu sahədə üstünlük hələ də ermənilərin tərəfindədir. Yəni onlar öz yalan və saxtakarlıqlarını dünya ictimaiyyətinə qəbul etdirməyi bacarırlar. Avropa qurumlarının bir sıra bəyanatlarından da gördük ki, ermənilər absurd məsələləri real durum kimi qəbul etdirib Azərbaycanı ittiham etdirə bilirlər. Ona görə də Azərbaycanın xarici siyasət məmurları öz işlərini fəallaşdırmalıdırlar. Hesab edirəm ki, onların işləri qənaətbəxş deyil. Yəni birdən-birə Avropa qurumları qərarlar qəbul edən zaman Azərbaycanın mövqeyini müdafiə edən tapılmır. Bu da həmin sahədə xarici siyasət işinin ya olmamasının, ya da çox zəif olmasının nəticəsidir”,- deyə davamında siyasətçi vurğulayıb. Geri qayıt |