Əsas Səhifə > Partiya, Güney Press > "Çünki burada zərərçəkən tərəf Azərbaycandır..."
"Çünki burada zərərçəkən tərəf Azərbaycandır..."5-04-2024, 08:47 |
Postmüharibə dövründə beynəlxalq təşkilatlar, Qərb, Avropa təsisatları işğaldan azad edilmiş Qarabağın dirçəldilməsinə, minalardan təmizlənməsinə maksimum dəstək vermək əvəzinə Ermənistanın yazıq obrazının formalaşdırılması, onların “taleyi” ilə bağlı daha çox danışdılar. Hansı ki, erməni terroru Qarabağda bu gün də davam edir... Söhbət basdırılmış mina terrorundan gedir. Postmüharibə dövründə 300-dən çox Azərbaycan vətəndaşı minaya düşüb. Son olaraq aprelin 2-də Tərtərdə keçmiş təmas xəttində mina partlayışı nəticəsində 3 nəfər ağır xəsarət aldı. “Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib və dünyaya çağırış olunub. Sitat: “Ermənistanın basdırdığı minalar Azərbaycanda günahsız dinc insanların həyatına təhlükə yaratmaqda davam edir. Bu gün dörd azərbaycanlı mülki şəxs növbəti mina partlayışının qurbanı olub. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır”. Bəs dünya niyə mina terroruna ciddi dəstək vermir? Bunun üçün Azərbaycan hansı addımları atsın? Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dünya ictimaiyyəti, daha doğrusu, beynəlxalq təşkilatlar, bəzi dövlətlər əgər istəsəydilər, Ermənistanı məcbur edərdilər ki, postmüharibə dövründə minalanmış Azərbaycan ərazilərinin xəritələrini versin. Amma çox təəssüf ki, beynəlxalq təşkilatlar beynəlxalq humanitar hüquqa zidd olan bu addıma, yəni ərazilərin minalanmasına göz yumurlar. Çünki burada zərərçəkən tərəf Azərbaycandır və beynəlxalq təşkilatların, qurumların dövlətimizə qarşı ikili yanaşmanısını həmişə görmüşük, müşahidə etmişik. Lakin burada söhbət dövlətdən deyil, mülki əhalidən getməlidir. Azərbaycan dövlətinin mülki əhalisi Ermənistanın çirkin və beynəlxalq hüquqa zidd əməlindən bu gün də əziyyət çəkir. Aprelin 2-də 3 vətəndaşımızın mina partlaması nəticəsində ağır xəsarət alması, yaralanması ilə bağlı hadisəni eşidəndə yenə də ürəyimizdən qara qanlar axdı ki, nəyə görə Ermənistan mina xəritələrini vermir, nəyə görə dövlətlər, təşkilatlar Ermənistanı buna məcbur etmir? Çox təəssüf ki, bu suallara cavab tapa bilmirik. Mina terrorunun qarşısı alınması üçün addımlar atılmadıqca, Azərbaycan vətəndaşlarının bu terrorun qurbanı olması ehtimalı daha da çoxdur. Bəs Azərbaycan nə etməlidir? Bu məsələdə dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirib, təkliflərini bildirib. Belə ki, terrorda iştirak etmək məqsədilə Azərbaycan ərazisinə gəlmiş erməni cinayətkarlarının bəzilərini dəyişdirməklə mina xəritələrinin müəyyən hissəsini əldə etmişdi. Lakin sonra dövlətimiz gördü ki, verilən mina xəritələrinin yalnız 25 faizi həqiqətə uyğundur. Beləliklə, burada da Ermənistan öz çirkin məqsədlərini həyata keçirmək üçün Azərbaycan tərəfini aldatdı, bu danışıqlarda vasitəçi olan dövlətləri pis vəziyyətdə qoydu". Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan öz gücü ilə, həm də azacıq da olsa kənardan verilən dəstəklə ərazilərimizin minalardan təmizlənməsi istiqamətində atdığı addımları davam etdirməlidir: “Çünki biz heç kimdən ciddi dəstək gözləmirik. Bütün güc, ağırlıq, xəsarət yenə də Azərbaycan vətəndaşlarının üzərinə düşəcək. Yəni xəsarət alan Azərbaycan vətəndaşları, mülki insanlardır. Bu baxımdan yenə də maksimum dərəcədə çalışmalıyıq ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların və bəzi dövlətlərin rəsmilərinin yatmış vicdanlarını oyatmaq üçün səsimizi daim ucaldaq və tələb edək ki, bu beynəlxalq hüququ zidd olan terror aksiyasına son qoyulması üçün minalanmış ərazilərin xəritələri Azərbaycana dəqiqliyi ilə verilsin". Geri qayıt |