Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın mövqeyi istənilən zaman yenidən Azərbaycanın əleyhinə dönə bilər...”
“Rusiyanın mövqeyi istənilən zaman yenidən Azərbaycanın əleyhinə dönə bilər...”5-04-2024, 17:23 |
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün budəfəki qısa söhbətimizdə Qərb və Rusiyanın Güney Qafqaz regionunda ciddi siyasi qarşıdurması fonunda Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli perspektivi, son günlər Naxçıvan istiqamətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını ABŞ-nin təşkil etməsi haqda iddialar və s. mövzularda danışdıq. -Etibar bəy, necə hesab edirsiniz, Qərb, Avropa, ABŞ Ermənistandan əlini çəksə və bölgədə əsas kənar güc olaraq yalnız Rusiya qalsa, Kremlin və onun dəstəkçilərinin qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasındakı problemlər həllini tapacaq və aralarında sülh müqaviləsi imzalanacaqmı? – Azərbaycanla Ermənistan təkbətək qalsalar, bir çox məsələlər həllini tapar... – Təkbətək yox, yenə də Rusiyanın təsir dairəsində... – Hələ ki Rusiyanın mövqeyi Azərbaycanın əleyhinə deyil... Amma Kremlin mövqeyi istənilən zaman yenidən bizim əleyhimizə dönə bilər. Necə ki, tarixboyu həmişə əleyhimizə olub. Ermənilər isə alət kimi istifadə edilmək üçün həmişə hazır olublar. Ona görə də Rusiya ilə onların mövqeləri yenidən uyğunlaşa bilər. Bugünkü vəziyyətdə Azərbaycanın xarici siyasətinin qarşısında duran vəzifə yeni müttəfiqliklər əldə etməkdən ibarətdir. Yəni yalnız Türkiyənin müttəfiqliyi ilə biz çox uzağa gedə bilmərik. Azərbaycanın mövqeyini müdafiə edən digər müttəfiqlərimiz də olmalıdır. Eyni zamanda təkcə ölkəmizin enerji resurslarına arxayınlaşmaq və Avropa ölkələrinin bizdən asılılığını əsas götürərək digər istiqamətlərdə fəaliyyətsiz dayanmaq ağır nəticələrə gətirib çıxara bilər. Konkret ABŞ-yə gəldikdə, hələlik Ağ Evin başı qarşıdakı prezident seçkilərinə qarışıb, ona görə də Cənubi Qafqazla bağlı ciddi təsiredici fəaliyyət göstərə bilməz. Gələcəkdə, qısa müddətdən sonra öz fəaliyyətini gücləndirə bilər. Odur ki, bütün bu təhlükələrin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir... – Qərbin bölgəyə təsiri olmadığı halda Rusiya İrəvanda Paşinyan hakimiyyətinin devrilməsinə nail olacaq və yenə də özünə sadiq Köçəryan, Sərkisyan tipli revanşistlərin hakimiyyətini bərpa edəcək. O halda Ermənistan Moskvanın dəstəyi ilə yenə də Qarabağla bağlı iddialarını irəli sürəcək və nəticədə bir müddət sonra Azərbaycanla yeni genişmiqyaslı savaş başlayacaq. Siz necə düşünürsünüz? – Bütün variantlarda Azərbaycan hərbi üstünlüyünü təmin edib, sərhədlərini yüksək səviyyədə möhkəmləndirib və müdafiə sistemini qurub. Bu, böyük bir nəticədir. Ermənistanın yenidən toparlanması, öz ordusunu Azərbaycana hücum səviyyəsində hazırlaması üçün hələ illərlə vaxt lazımdır. Təxribatlar üçün həmişə imkan var və hər bir təxribat da nəticədə Azərbaycana qarşı ittihamlara gətirib çıxarır. Bunu həmişə nəzərə almaq lazımdır... – Söhbət ondan gedir ki, İrəvanda Moskvanın dəstəyi ilə revanşist qüvvələr hakimiyyətə gətirilsə, sözsüz ki, onlar yenidən Qarabağ iddiası ilə çıxış edəcək və yeni işğallar üçün cəhdlər göstərəcəklər. Rusiya da yeri gələndə Azərbaycana təzyiqlər göstərmək üçün onlardan istifadə edəcək... – Onlar belə iddialarla çıxış edəcək və cəhdlər göstərəcəklər. Bunu həmişə ediblər, bundan sonra da edəcəklər. Nə qədər ki, üstünlük bizdədir, hansısa rəsmi sənədlərin imzalanmasına nail olmalıyıq... – Bəzi ekspertlər iddia edir ki, son günlər Naxçıvan istiqamətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmasını Amerika təşkil edib. Belə bir şey mümkündürmü? – Ermənistan heç vaxt özü heç nə etmir, kimsə nəyisə onun üçün təşkil edir. İstər Amerika, istər Fransa, istərsə də Rusiya olsun. Mümkündür, hər şey ola bilər... Geri qayıt |