Əsas Səhifə > Partiya, Güney Press > "Özləri təxribat törədir, atəşkəsi pozur, sonra da xəbərləri olmadığını iddia edirlər"
"Özləri təxribat törədir, atəşkəsi pozur, sonra da xəbərləri olmadığını iddia edirlər"9-04-2024, 08:24 |
Ermənistan hakimiyyətindən qəribə açıqlamalar davam edir. Belə ki, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryanın ermənilərin sərhəddə törətdiyi təxribatlar barədə dediyi fikirlər diqqət çəkib: “Sərhəddə atışma danışıqlar masası arxasında oturanların işinə mane olur. Üstəlik, bu atışma heç bir problemi həll etmir”. Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə dəfələrlə atəşkəsi pozub. Üstəlik, Ermənistan şərti sərhədə silah-sursat, hərbi texnika və əsgər yığmağa davam edir. Amma bütün bunların fonunda tərəflər arasındakı sülh danışıqlarına atışmaların mane olduğunu da deyirlər. Hətta erməni iqtidarına yaxın bəzi mənbələr şərti sərhəddəki təxribatları revanşist qüvvələr tərəfindən törədildiyini iddia edirlər. Sual yaranır ki, sərhəddəki təxribatların arxasında əslində kim dayanır? Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bu, Ermənistanın ənənəvi mövqeyidir: “Özləri təxribat törədir, atəşkəsi pozur, sonra da xəbərləri olmadığını iddia edirlər. Bu, uzun illərdir istifadə olunan erməni siyasətidir. Çox təəssüf ki, dünya da onların yalanlarına inanır. Amma fakt ortadadır. Əgər Avropa İttifaqının müşahidəçiləri həqiqətən obyektivdirsə, atəşkəsin haradan pozulduğuna və təxribatları kimin törətdiyinə baxsınlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox vaxt ermənilərin atəşkəsi pozmasına da cavab vermir. Azərbaycan tərəfi müşahidəçilərin atəşin kimin tərəfindən açıldığını görmələri üçün təmkin nümayiş etdirir”. Partiya sədri hesab edir ki, Ermənistan sülhdə maraqlı deyil: “Rəsmi İrəvan sülh prosesini ləğv etmək istəyir. Üstəlik, bunun məsuliyyətini də Azərbaycanın üzərinə atmağa çalışırlar. Lakin ermənilərin hansı gün neçə dəfə atəşkəsi pozduğu Azərbaycan tərəfindən qeydə alınır. Bunların hamısı beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Ümumiyyətlə, ermənilər belə siyasət yeridirlərsə, nə vaxtsa ölkəmizə qarşı yenidən təcavüzə əl ata bilərlər. Düşünürəm ki, Azərbaycan Ordusu ermənilərin pis niyyətlərinə nail olmasına imkan verməmək üçün onların hərbi təcavüzünə və təxribatlarına hazır olmalıdır”. Akif Nağı ermənilərin təxribatların arxasında Nikol Paşinyan hakimiyyətinin deyil, revanşist qüvvələrin olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Bu məsələnin iki tərəfi var. Birincisi, onlar həqiqətən də silahlı qüvvələrinə nəzarət edə bilmədiklərini etiraf edirlər. Bu isə çox biabırçı bir vəziyyətdir. Onlar necə hakimiyyətdirlər ki, öz silahlı qüvvələrinə nəzarət edə bilmirlər? İkincisi isə yenə də yalan danışırlar. Əslində, Ermənistan ordusunda idarə olunmayan heç bir qüvvə yoxdur, hamısı mərkəzi hakimiyyət tərəfindən idarə olunur. Onlar, belə açıqlamalarla özlərini ifşa edirlər. Ordunun içərisində hansısa revanşist qüvvələrin olması isə onların öz problemidir. Ümumiyyətlə, təxribat ordunun və dövlətin adından baş verir. Ona görə də birbaşa hakimiyyət məsuliyyət daşıyır”. Geri qayıt |