Əsas Səhifə > Partiya, Güney Press > Rüfət Quliyev ölkəyə gətirilən qəzalı avtomobillərdən danışdı:
Rüfət Quliyev ölkəyə gətirilən qəzalı avtomobillərdən danışdı:15-04-2024, 12:19 |
“Heç bir qanunda yazılmayıb ki, vurulmuş, əzilmiş maşınları ölkəyə gətirmək olmaz. Sadəcə, maşının “ömründən” söhbət gedir. Biz qanun qəbul etmişik ki, mühərrikləri köhnə, yaxud istismar müddəti çox olan maşınları ölkəyə gətirmək olmaz. Bu, ekoloji cəhətdən Azərbaycana ziyandır. Azərbaycanda yüzlərlə avtomobil ustası var və bu, tarixən, Sovet dönəmindən bizdə həmişə olub. Adi üç köhnə maşından təptəzə bir maşın yığırdılar. Vaxtilə belə şeylər çox görmüşəm, yadımdadır. Bu ustalar da işləyib pul qazanmalıdırlar. Belə maşınları ölkəyə gətirəndə ustalar üçün iş yerləri açılır. Vurulmuş, əzilmiş maşınların ehtiyat hissələri də istifadə olunur. Bu məqsədlə də ölkəyə gətirilməsi mümkündür. Belə düşünəndə “niyə də yox?” Ona görə də belə sualları verənlər düşünüb cavab versinlər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Deputat bildirib ki, indi avtomobil alan insan onu ekspertizadan keçirmək istəmir: “Rəngsaz işi ilə məşğul olan adi bir usta o maşına baxsa, 10 dəqiqənin içində deyəcək ki, bu maşın vurulub, ya yox, yaxud nə qədər vurulub. Düşünürəm, vurulan maşınların ölkəyə gətirilməsi ilə bağlı xüsusi məhdudiyyət yaratmağa ehtiyac yoxdur. Təkrar edirəm, ustalar bu maşınları təmir edib, satışa çıxara bilərlər, eyni zamanda elə insanlar var ki, təzə maşın almağa imkanları yoxdur. Onlar bilərəkdən belə ucuz maşın alırlar ki, təki işləmək qabiliyyətli olsun. Əgər vurulmuş maşınların ölkəyə gətirilməsinin xüsusi bir ziyanı varsa, onda müraciət etsinlər, bu məsələyə Milli Məclisdə baxaq. Ancaq kökünü bilməliyik ki, ziyanı, problemi nədir, nə kimi fəsadlar törədə bilər? Bu, sahibkarlıq fəaliyyətidir, başqa məsələ deyil. Burada milli maraqlardan söhbət getmir. Təhlükəsizlik məsələsinə toxunurlarsa, ildə bir dəfə maşınlar yoxlanılır. Bunu hamı bilir. Yoxlama zamanı bu kimi maşınların texniki tərəfdən nasaz olması üzə çıxsa, onsuz da, sürülməsinə icazə verilməyəcək. Nəzərə almaq lazımdır ki, sahibkarlıq fəaliyyətinin qarşısında nə qədər çox məhdudiyyət qoyursansa, çərçivəyə salırsansa, o qədər çox narazılıq artacaq. Bəzi məmurlar üçün məqamlar yaranacaq ki, bunda da hansısa maraqları olsun. Sahibkarlıq fəaliyyəti davam etməlidir. Bir sözlə, bu məsələdə hər iki tərəf qazanır. Dövlətə də gömrük ödənişləri gəlir”. Geri qayıt |