Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda xarici agentlərlə bağlı təhlükə yoxdur, amma gələcəkdə qanunun qəbulu aktual ola bilər"

"Azərbaycanda xarici agentlərlə bağlı təhlükə yoxdur, amma gələcəkdə qanunun qəbulu aktual ola bilər"


19-04-2024, 09:39
"Azərbaycanda xarici agentlərlə bağlı təhlükə yoxdur, amma gələcəkdə qanunun qəbulu aktual ola bilər"
"Gürcüstan spesifik bir dövlətdir. Orada dövlətin Prezidenti belə başqa dövlətin vətəndaşıdır. Çoxlu sayda xarici dövlətlərin adamları rəsmi vəzifə tuturlar. Sözün açığı, Azərbaycanda xarici agentlərlə bağlı təhlükə yoxdur. Ölkəmizdə qeyri-hökumət təşkilatları ilə bağlı qanunlarda da müəyyən düzəlişlər olunub. Azərbaycan sabit dövlətdir və xaricdən belə bir təhlükə gözləmir. Düşünürəm, gələcəkdə xarici təsirin şəffaflığı haqqında qanunun qəbulu aktual ola bilər. Amma indiki zamanda bunu məqsədəmüvafiq saymıram".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsi barədə danışarkən deyib.

"Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir. Qanunun qəbulu ilə bağlı məsələ insanların başını başqa yöndə qata da bilər. Gürcüstandan fərqli olaraq Azərbaycanda xarici agentlərin elə bir imkanları yoxdur ki, dövlət çevrilişi etsinlər, hakimiyyəti ələ keçirsinlər. Bunlara qarşı həm ictimai müqavimət var, həm də tamamilə dövlət nəzarəti həyata keçirilir", - deputat bildirib.

Geri qayıt