Əsas Səhifə > Partiya, Güney Press > "İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi"

"İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi"


1-05-2024, 09:05
"İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi"
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib ki, ölkəmiz regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Aydındır ki, regionda hər hansı ayırıcı xətlər dedikdə kənar qüvvələr nəzərdə tutur.

Qeyd edək ki, Prezident İlham Əliyev ən müxtəlif səviyyələrdə Cənubi Qafqazın xarici qüvvələr arasında rəqabət məkanına çevrilməməsini, bu prosesin regionda sülhə ciddi əngəl olduğunu vurğulayıb. İran da eyni mövqedə olsa da, İrəvanın özünə dəstək axtarışında xarici qüvvələrə arxalanmasına qarşı çıxa bilmir. Rusiya isə bu prosesin daha çox onun regiondan sıxışdırılmasına yönəldiyinin fərqindədir.

ABŞ, Fransa və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi bölgədə qeyri-sabitlik mühiti yaradır. Paris və Brüssel geosiyasi ambisiyaları rəhbər tutaraq, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olacaq “sülhyaratma missiyası”nı İrəvana “sırımaqda” davam edir. Bakı isə “Qafqaz evi” əməkdaşlıq modelinin - 3+3 formatının əsas dəstəkçisidir. Artıq digər dövlətlər də anlayıblar ki, Cənubi Qafqazda istənilən risklərin, mənfi təsirlərin qarşısı birgə səylərlə alınmalıdır.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, cənab Prezidentin Blinkenlə telefon danışığında sərgilədiyi prinsipial mövqe Azərbaycan dövlətinin gücünün və bölgədəki nüfuzumuzun birbaşa göstəricisidir: “Eyni zamanda İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi və sülh üçün tələb olunan şərtləri ona yenidən xatırlatdı. Gerçəkdən də bu gün münasibətlərin düzəlməsi, regionda təməlli sabitliyin bərqərar olması son dərəcə vacib məsələdir. Amma bunun üçün ilk öncə kənardan maneçilik törədilməməlidir, həmin Blinkenin təmsil etdiyi Amerika və Avropa proseslərə, hadisələrə adekvat reaksiya göstərməlidir, böyük dövlətlər öz merkantil maraqları naminə ümumbəşəri dəyərləri güdaza verməməlidir. Yetər ki, bəlli provokatorlar "təşəbbüskar" rolunda çıxış etməsinlər, qızışdırıcı rəylərini bildirməsinlər, gedib özlərinə aid işlərlə məşğul olsunlar.

Amma bu gün rəsmi Paris və Brüssel nə edir? Lazım olanın tam tərsini! ABŞ Dövlət Departamentinin son hesabatı, Avropa Parlamentinin qətnaməsi nəyə hesablanıb? Əlbəttə ki, sülhə doğru atılan addımların səngidilməsinə. Ona görə Amerika da, Avropa da papağını qarşısına qoyub ciddi-ciddi fikirləşməli, belə qərəzli mövqedən çəkinməli, qızışdırııcı strategiya sərgiləmək əvəzinə sülhün təşviqinə real töhfələr verməli və yekun sənədin imzalanması ilə bağlı Azərbaycan tərəfindən təklif olunan 5 əsas prinsipi dəstəkləməlidir".

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, hazırda Bakı ilə İrəvan arasındakı sülh gündəliyinin əsas moderatoru elə Azərbaycandır: “Rəsmi Bakı hər zaman çalışıb ki, sülhyaratma prosesinin birbaşa iştirakçıları elə tərəflərin özü olsun. Ermənistandan fərqli olaraq Azərbaycan vasitəçilərin, üçüncü və ya kənar qüvvələrin oyundankənar qalmasında maraqlı olan tərəfdir. Ermənistan isə hər zaman özünə arxa, havadar və ya istiqamətverici oyunçu axtarıb. İrəvan indi də özünü oyunçu yox, oyuncaq kimi aparır. Düşünürəm ki, ABŞ, Fransa kimi qüvvələr indiki prosesdə nə qədər kənarda dursalar, o zaman Bakı ilə İrəvan arasında böyük sülh sazişinin imzalanması daha sürətli perioda qədəm qoya bilər. Bir müddət öncə işğal altındakı 4 kəndin qaytarılması prosesi buna əyani sübutdur. Bu prosesdə heç bir üçüncü qüvvə iştirak etmədi. 33 ildən sonra ilk dəfə Bakı və İrəvan masa arxasında sülh prosesi istiqamətində real və ümidverici addımlar atdılar. Fikrimcə, Qərb və Rusiyanı bu prosesdən uzaqlaşdırmaq İrəvanın işidir və Ermənistan bundan daha çox fayda götürəcək. Azərbaycan isə hər iki qütblə məsafəli davranır. Bütün proseslərdə təkbaşına və ləyaqətlə addımlayır. Hətta İran kimi mürəkkəb və dolaşıq bir oyunçunu prosesə daxil etmək istəyən də İrəvan idi. Nəticədə sülh prosesi azı bir neçə il uzandı. Söhbət 44 günlük savaşdan sonrakı proseslərdən gedir. Fikrimcə, regiona əbədi sülhün gəlməsində səmimi olduqlarını göstərmək istəyirsə, Qərb və Rusiya da sülh prosesinə süni müdaxilələr etməməlidir”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov qeyd etdi ki, ABŞ dövlət katibi Blinkenin son 1 ayda Azərbaycan Prezidenti İlham Əliyevə iki dəfə zəng etməsi Birləşmiş Ştatların Azərbaycana və ümumilikdə Cənubi Qafqaza xüsusi önəm verdiyinin göstəricisidir: “Doğrudur, bir çox hallarda hədə-şantaj, qərəz özünü açıq şəkildə büruzə verir. Məqsəd ondan ibarətdir ki, regionda mövqeyi güclənən rəsmi Bakını və təbii müttəfiqi olan Ankaranı əsas söz sahibi olmaqdan çəkindirsinlər. Lakin İlham Əliyevin yürütdüyü davamlı və sistemli xarici siyasət, region oyunçuları ilə normal münasibətləri, düzgün hesablanmış kursu, həmçinin qətiyyətli mövqeyi Azərbaycanı böyük güclərin kəskin rəqabət poliqonuna çevrilməsindən xilas edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional problemlərin region dövlətlərinin qarşılıqlı maraqlara hörmət edilməsi və əməkdaşlıq zəminində həlli daha effektlidir. Odur ki, rəsmi Bakı 3+3 formatı və “Qafqaz Evi” əməkdaşlıq modelinə üstünlük verir. Bu, daha pozitiv və daha cəlbedicidir. Azərbaycanın Ermənistanın işğalı altında qalan Qazağın 4 kəndinin vasitəçisiz olaraq qaytarılması etimad mühitinin yaradılmasında kövrək zəmin olsa da, bu hal həm də onu göstərdi ki, ümumilikdə Cənubu Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə olunmasının təminatını kənar yerlərdə axtarmaq əbəsdir. Xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının yolu heç də Brüsseldə, Moskvada, Vaşinqtonda deyil, elə regionun özündədir. Əksinə, regiona kənar gücləri cəlb etmək gərginliyə və qeyri-sabitliyə rəvac verərdi. Necə ki, biz bu neqativ halı Ermənistan nümunəsində görürük. Bölgənin əsas güc mərkəzləri olan və ermənilərin də nahaqdan qorxub-çəkindikləri Türkiyə və Azərbaycan mehriban qonşuluq, əməkdaşlıq və münasibətlərin normal olmasının tərəfdarıdır. Ölkə Prezidenti Almaniya federal kansleri Olaf Şoltsla da görüşündə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan sülh gündəliyinə hazırdır və bu prosesi də uğurla davam etdirməyi hədəfləyir. Lakin görünən odur ki, Ermənistan hələ də mövqeyini dəqiqləşdirə bilmir. Atdığı addımlar həm özü üçün, həm də region üçün yeni risklər yaradır. Fransanı təkidlə cəlbetmə siyasəti, sürətlə silahlanma, ayrıcı xəttə meyllik tərəddüdedici hal yaradır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Ermənistan ÜDM-nin 5 faizdən çoxunu silahlanmaya ayırıb. Dövlət büdcəsində 1.5 milyard dollar silah alınması üçün nəzərdə tutulub. Bütün bunlar təbii ki, Azərbaycanı narahat etməyə bilməz və haqlı suallar, narazılıqlar doğurur. ABŞ diqqətini daha çox belə məsələlərə yönəltsə, ümumi sülhün əldə olunmasına əngəl olan halların aradan qaldırılmasına çalışsa, faydalı olardı. Ancaq düşünürəm ki, nə ABŞ, nə Qərb, nə Rusiya, nə də İran Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə həvəs göstərmir. Siz diqqət edin. İran ABŞ-Azərbaycan əlaqələrindən hər zaman ciddi əndişə duyduğu halda Birləşmiş Ştatların və Qərbin Ermənistandakı mövcudluğuna, hətta müşahidəçi pərdəsi altında hərbi kəşfiyyat qruplarının sərhəddə yerləşdirilməsinə yumşaq da olsa etiraz bildirməyib. Yüz milyon dollarlıq Qərb silahlarının Ermənistana tədarükünə göz yumur. Təbii ki, bütün bunların ciddi səbəbləri var və Azərbaycan da seyrçi qala bilməz, qalmamalıdır".

Geri qayıt