Əsas Səhifə > Partiya, Güney Press > "Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir"
"Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir"2-05-2024, 09:18 |
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans keçirilib. “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. inkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər. Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib ki, assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doğmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir: "Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir". O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir: “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”. Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamafobiyanın narahatlıq doğurduğunu vurğulayıb. Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb. “Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N.Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır. Prezident İlham Əliyev də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: "Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu, məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”. Politoloq Qabil Hüseynli deyib ki, müstəmləkəçiliyin ən qəddar, acımasız formasını, insanlara qarşı terror və qırğınlarla müşayiət olunan hadisələri Fransa həyata keçirib. Ekspertin sözlərinə görə, Afrikada və digər yerlərdə köhnə müstəmləkə sistemindən qalmış ölkələrdəki mövqeyi tamamilə zəifləyən Paris daha da aqressivləşib: "Fransanın özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Yüzilliklər boyu müstəmləkəçilik, ifrat və bölücü siyasət yürüdən Paris hazırda məhz bu iyrənc siyasətinin bədəlini ödəyir. Acınacaqlısı odur ki, Fransa müstəmləkəçilik siyasətindən hələ də əl çəkmir, davam etdirməyə çalışır. Fransanın neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Fransanın öz müstəmləkə keçmişinə, soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqaz regionunda neo-kolonialist təcrübəsini tətbiq etməyə çalışması qəbuledilməzdir. Fransa təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Fransanın müstəmləkə siyasətinin bariz nümunəsini bu gün Yeni Kaledoniyada görmək mümkündür. Paris bölgəni müstəmləkə altında saxlayır, xalqa qarşı hüquq pozuntularını həyata keçirir, öz mövqeyindən çəkmir. Fransa həmin xalqların öz dillərindən istifadəsinə də qadağa qoyur". Geri qayıt |