Əsas Səhifə > Partiya, Güney Press > "Avropa başa düşür ki, Azərbaycan olmasaydı..."

"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..."


4-05-2024, 10:43
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..."
ABŞ və Avropa İttifaqı Azərbaycan üzərindən daha bir layihənin icrasını planlaşdırır. Bu, Mərkəzi Asiya ölkələrinin mineral və karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Avropaya daşınması layihəsidir. Aİ xüsusən, Özbəkistanla artıq bu layihə üzərində işləməyə başlayıb.

Bu barədə TNS-ə danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, mövzu ilə əlaqədar müzakirələr uzun müddətdir, davam edir: "Bundan başqa, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması da gündəmdədir. Mərkəzi Asiya və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi müsbət haldır. Ona görə ki, Mərkəzi Asiyada kifayət qədər xammal ehtiyatı mövcuddur, bunları dünyaya çıxarmaq üçün Azərbaycandan dəhliz kimi istifadə etmək mümkündür. Ölkəmiz ticarət məsələlərində ən yaxşı və etibarlı tərəfdaşdır. Azərbaycandan, eləcə də Mərkəzi Asiya ölkələrindən xammalın dəhlizlər və boru kəmərləri vasitəsilə Aİ-yə çatdırılması həm iqtisadi, həm də təhlükəsizlik baxımından çox mühümdür".

Deputat Avropanın pandemiya və post-pandemiya dövründə qaz təchizatı ilə bağlı çox ciddi problemlər yaşadığını xatırladıb: "Ukrayna müharibəsinin ilk dövrlərində vəziyyət daha da gərginləşdi. Bunun aradan qaldırılması üçün Azərbaycan Prezident İlham Əliyev mühüm addımlar atdı və qərarlar qəbul etdi. Nəticədə Azərbaycan qazının Avropaya çatdırılmasında müəyyən artımlar oldu. Avropalılar artıq başa düşürlər ki, Azərbaycan dövləti və Prezidenti verilən vədlərin üzərində dayandığı üçün heç bir problem yaşanmır. Buna görə də çalışırlar ki, Mərkəzi Asiya dövlətlərini öz təminatları ilə əlaqədar prosesə cəlb etsinlər, onların karbohidrogen və digər xammal ehtiyatlarını boru kəmərlərindən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Avropa bazarlarına çatdırsınlar. Bu da çox müsbət bir haldır və rəsmi Bakı bunu gördüyü üçün çox ciddi işlər həyata keçirərək, iqtisadiyyatını inkişaf etdirməyə çalışır ".

Xatırladaq ki, aprelin 5-də Özbəkistan və Aİ arasında kritik xammal sahəsində davamlı dəyər zəncirlərinin inkişafına dair anlaşma memorandumu imzalanıb.

Geri qayıt