Əsas Səhifə > Partiya, Güney Press > "Jirinovskinin fikirləri ilə Kremlin maraqları üst-üstə düşür"

"Jirinovskinin fikirləri ilə Kremlin maraqları üst-üstə düşür"


15-03-2014, 13:09
"Jirinovskinin fikirləri ilə Kremlin maraqları üst-üstə düşür"
"Bir çox hallarda Vladimir Jirinovskinin fikirləri ilə Kremlin baxışları, məqsədləri və strateji maraqları üst-üstə düşür." Bunu SalamNews-a müsahibəsində Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

- Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Qarabağ barəsində söylədiyi fikirlər rəsmi Kreml tərəfindən qəbul olunacaqmı?

- Nəzərə alaq ki, bu gün Rusiya hədsiz dərəcədə milliyətçilik siyasəti yürüdür, keçmiş SSRİ və indiki MDB məkanında mövqelərinin möhkəmləndirilməsi xətti yeridir. Hələ Rusiya Kırıma hərbi qüvvə yeritməmişdən əvvəl Vladimir Jirinovski Kırımın Rusiya birləşdirilməsi haqqında bəyanat vermişdi. Buna rəsmi Kiyev tərəfindən hər hansı reaksiya göstərilməmişdi. Əgər bu gün Jirinovskinin bu fikrinə yenə də Kreml rəsmi münasibət ifadə etmirsə, deməli, onların belə bir layihəsi var. Ancaq düşünmürəm ki, Rusiya Kırımı ömürlük və asan yolla hakimiyyətinə və ərazisinə birləşdirsin. Ola bilsin ki, orada referendum keçirilsin, lakin, bu, ciddi şəkildə Rusiya ilə Qərbin qarşıdurmasına səbəb olacaq. Mən bu prosesdə Rusiyanın qalib gəlməsinə şübhə ilə yanaşıram. Belə olan halda Jirinovskinin bu fikirləri xəstə təxəyyülün ifadəsi olacaq.

- Dağlıq Qarabağın Rusiyanın tərkibinə birləşdirilməsi məsələsi reallaşa bilərmi?

- Bu cür fikirlərlə Azərbaycana qarşı təzyiqlər, təhdidlər ifadə oluna bilər. Bunun üçün hansısa formada Ermənistan Rusiyayanın tərkibinə birləşdirilməlidir. Bundan sonra indiki işğal olunmuş ərazilər Ermənistan vasitəsilə Rusiyaya birləşdirilə bilər. Bu, isə absurddur və buna səbəb yoxdur. Bu, həyata keçiriləcək ideya deyil. Qarabağın Azərbaycan ərazisi olduğu BMT və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. Bu, hər hansı yolla həyata keçirilərsə, Azərbaycan ərazisini işğal etmək anlamına gəlməlidir. Düşünürəm ki, belə olarsa, dünya ictimaiyyəti birmənalı şəkildə mənfi münasibətini bildirər. Rusiya isə indiki vəziyyətdə bu variantdan istifadə etməz.

- Rusiyanın regionda növbəti münaqişə ocaqları yaratmaq ehtimalı varmı?

- Gələcəkdə Qərb Ukraynadan geri çəkilərsə, Rusiya revanş götürərək beynəlxalq aləmdə güc sahibi kimi özünü göstərəcək. Bir sözlə, Rusiyadan nə desən gözləmək olar.

Geri qayıt