Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistan artıq Azərbaycanın sülh təklifləri ilə razılaşıb”

“Ermənistan artıq Azərbaycanın sülh təklifləri ilə razılaşıb”


15-05-2024, 19:00
“Ermənistan artıq Azərbaycanın sülh təklifləri ilə razılaşıb”
“Ermənistan artıq Azərbaycanın sülh təklifləri ilə razılaşıb”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”ya açıqlamasında deyib. O bildirib ki, artıq erməni rəsmiləri də bu barədə bəyanatlar verirlər:

“Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla razılaşdırılan məsələləri sülh müqaviləsinin mətninə daxil ediləcəyi barədə danışdı. Rəsmi İrəvan sülh müqaviləsinin imzalanması ilə bağlı siyasi xəttini açıq şəkildə davam etdirir. Üstəlik, Paşinyan sülh danışıqlarının davam etdiyini Avropanın mərkəzində bəyan etdi. O, sanki proseslərin davam etdiyini Avropaya da sübut etdi”.

Partiya sədrinin sözlərinə görə, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

“Azərbaycan Prezidenti İlham Əliyev də noyabr ayına qədər Ermənistanla sülh müqaviləsinin imzalana biləcəyini söylədi. Ardınca Nikol Paşinyan da həmin fikri təkrar etdi. Bu, həm də proseslərin Azərbaycanın cızdığı xətlə getdiyini göstərir”.

Akif Nağı sülh müqaviləsinin nə zaman imzalana biləcəyi barədə də danışıb:

“Ermənistanın daxilində və xaricində olan müəyyən qüvvələr proseslərə əngəl olmağa çalışırlar. Amma etirazlar idarə oluna bilməyəcək həddə çatmasa və ya böyük problemlər yaranmasa, paytaxtımızda COP29 keçirilinə qədər tərəflər arasında hansısa sənəd imzalana bilər. Böyük ehtimalla, Ermənistanda sülh müqaviləsi ətrafında xaos olmayacaq.

Onu da nəzərə almaq lazımdır ki, artıq Rusiya da reallıqla barışır və Azərbaycanın proseslərə rəhbərlik etməli olduğunu başa düşür. Ona görə də bu ilin payızına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına böyük ümidlər var”.

Onun fikrincə, tərəflər arasında çərçivə sazişinin imzalanma ehtimalı da var:

“Bakı ilə İrəvan arasında razılaşdırılmamış məqamlar çox olarsa, ilkin olaraq çərçivə sazişi imzalana bilər. Bu, razılaşdırılmamış məsələlərin sayından və mahiyyətindən asılı olacaq. Belə olan təqdirdə, Azərbaycanla Ermənistan arasında ilk növbədə çərçivə sazişi imzalanacaq”.

Geri qayıt