Əsas Səhifə > Partiya, Güney Press > "Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur"
"Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur"16-05-2024, 08:13 |
Əməkdar artist Yusif Mustafayevin 400 min manata məscid tikdirməsi barədə yayılan informasiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşların bir qismi bu xəbərlə bağlı öz etirazını bildirir, tənqid edir. Bir qrup sosial şəbəkə istifadəçisi bildirir ki, həmin vəsaitə yeni məktəb inşası daha məqsədəuyğun olardı. Ölkəmizdə tarixən həm məscid, həm də məktəb tikdirməsi isə yadda qalan imkanlı şəxslər olub. Bu gün isə imkanlı şəxslərin bu istiqamətdə fəaliyyətinə nadir hallarda rast gəlinir. Həm məscid, həm məktəblər əsasən dövlət tərəfindən inşa edilir. Ümumiyyətlə, imkanlı şəxslərin məscid, yoxsa məktəb tikdirməsi ilə bağlı ilahiyyatçılarımız, ziyalılarımız necə düşünürlər? Millət vəkili Sabir Rüstəmxanlı “Cebhe.info”-ya bildirib ki, kimin Azərbaycanda imkanı varsa, kim millət üçün doğrudan da ciddi bir iş görmək istəyirsə, o, ilk növbədə məktəb tikdirməlidir: “Biz övladlarımıza savad verməliyik. O təhsil aldıqca, onsuz da dini bilgilərə yiyələnir. Bunun üçün xüsusi məscid tikdirmək əsas deyil. Onsuz da Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur. Allah o duaları hər yerdə qəbul edir. Mən məscidin əleyhinə deyiləm. Kəndlərimizdə, şəhərlərimizdə məscid də olmalıdır. Ancaq ilk növbədə məktəb, sonra məscid olmalıdır”. İlahiyyatçı Tural İrfan isə deyib ki, Peyğəmbər sağlığında fitnə- fəsad məqsədi ilə tikilmiş bir məscidi dağıdıb: “Əgər məscid Allah üçün, xeyirxah əməllər niyyəti ilə tikilirsə, böyük savabdır. Onu tikən də çox böyük savab qazanır. Yox, əgər adını məscid qoyub içində bütpərəstliyi, xarici qaranlıq qüvvələrə xidməti təbliğ edəcəklərsə, xurafatla məşğul olub din pərdəsi altında gəncləri zəhərləyəcəklərsə, bu olmaz”. İlahiyyatçı deyir ki, məktəb tikmək də savabdır: “Ola bilsin başqa məktəbə ehtiyac olmayan yerdə məscid tikilib. Həm də bəzi adamlar məscid tikməyin daha çox savab olduğuna inanırlar. Məscid normal şəraitdə fəaliyyət göstərərsə, elə ora da məktəbdir. Bütün məscidlər də Allahın məktəbidir. Orada da Quran öyrədilir, haqq-ədalət təbliğ olunur. Bundan böyük məktəb varmı? Hacı Zeynalabdin Tağıyev də həm məscid, həm də məktəb tikdirib. Bunları qarşı-qarşıya qoymaq, məscid və məktəbi müqayisələndirmək dinsizlərin işidir. Çox zaman İslama ikrah edənlər belə müqayisələr aparırlar. Ömründə məktəb tikintisinə bir daş da qoymayan adamlar başqalarına yol göstərirlər. Məscid də, məktəb də tikmək olar, kasıba ev də tikib vermək olar. Məktəbləri əsasən dövlətimiz özü tikir. Məscid tikənlər də varsa, sağ olsunlar. Sanki bəziləri irad tutmaqdan, qara yaxmaqdan ötrü ölürlər. Biri bulaq tikdirir, deyirlər ki, rüşvət aldığı pullarla tikib. Biri yol çəkir, deyirlər ki, oğurluqla yığdığı pulla edir. Biri məscid tikdirir, görürlər ki, məsələn, müğənnidir, başqa ləkə yapışmayacaq, deyirlər, niyə məktəb tikməyib? Belələrinin çoxuna desən ki, məktəb tikirik gəl, sən də 5 manat ver, verməz. Ona görə hesab edirəm ki, belə şeylərə fikir verməyib ruhdan düşmədən tikib, qurub, yaratmaq lazımdır”. Geri qayıt |