Əsas Səhifə > Partiya, Güney Press > "Çox təxribatçı addımlar atıldı"
"Çox təxribatçı addımlar atıldı"20-05-2024, 08:17 |
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi və real imkanlar var". Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva "Cebhe.info"ya açıqlamasında deyib. O bildirib ki, iki ölkə sülh müqaviləsi imzalamağa ilk dəfə bu qədər yaxındır: "Son zamanlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında bir çox görüş keçirilib. Üstəlik, həmin görüşlər olduqca məhsuldar keçib. Atılan son addımlar və verilən bəyanatlar onu deməyə əsas verir ki, tərəflər heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Mövcud vəziyyətdə də Bakı ilə İrəvan arasında tezliklə sülh müqaviləsinin imzalanma ehtimalı olduqca yüksəkdir". Millət vəkili vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük qələbə qazanmasına rəğmən, sülh təşəbbüsü ilə çıxış edən ilk ölkə oldu: "Rəsmi Bakı müharibədən sonrakı illər ərazində də bu mövqeyini davam etdirdi. Hərçənd ki, geridə qalan illərdə Ermənistan tərəfindən danışıqları pozmaq üçün bir çox təxribatçı addımlar atıldı və revanşist bəyanatlar səsləndirildi. Amma Azərbaycan humanist mövqeyindən əl çəkmədi və Ermənistanı sülhə dəvət etdi. Azərbaycan Qarabağı tamamilə işğaldan azad etdikdən və suverenliyini tamamilə bərpa etdikdən sonra da bölgədə daimi sülhün əldə olunmasına çalışdı. Görünən odur ki, İrəvan hakimiyyəti də inadın yersiz olduğunu və sülhün Azərbaycandan çox Ermənistana lazım olduğunu dərk etdi. Bu səbəbdən də Nikol Paşinyan adminstrasiyası rəsmi Bakının tələb və təkliflərini qəbul etdi". Jalə Əliyeva qeyd edib ki, bu il ərzində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalana bilər: "Bu il içərisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Hətta bu, payıza qədər baş verə bilər. Üstəlik, paytaxtımızda keçiriləcək COP29 konfransından öncə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ikiqat tarixi əhəmiyyətə malik olar. Hesab edirəm ki, COP29-dan öncə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma ehtimalı var və bu, reallaşa bilər". Geri qayıt |