Əsas Səhifə > Partiya, Güney Press > Elşad Musayev deputatlığa namizəd olacaq?

Elşad Musayev deputatlığa namizəd olacaq?


20-05-2024, 19:00
Elşad Musayev deputatlığa namizəd olacaq?
“Deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Cebhe.info”ya müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Elşad müəllim, növbəti parlament seçkilərində namizədliyinizi irəli sürmək fikriniz varmı?

- Siyasi partiyanın əsas vəzifələrindən biri seçkilərdə iştirak etməkdir. Biz 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində də iştirak etmişik. Həmin vaxt seçkidə iştirak edən 5 partiyadan biri Böyük Azərbaycan Partiyası idi. Hətta parlamentdə olmayan partiyalar arasında prezidentliyə namizəd irəli sürən yeganə partiya idik. Həmçinin, parlament seçkilərində də iştirak edəcəyik və deputatlığa namizəd olacağam.

- Namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz?

- Bir neçə variantımız var və onların üzərində işləyirik. Mən həmişə 9-cu dairədən namizəd olmuşam, yenə də həmin dairəni seçə bilərəm. Həmçinin, yaşadığım Xətai rayonundakı 33-cü dairə də variantlardan biridir. Müxtəlif variantlar var, amma hələlik dəqiq qərar verməmişik.

- Bəs partiyanız seçkilərdə neçə nəfərlə mübarizə aparacaq?

- Bu dəfə çox namizədlə iştirak etmək niyyətindəyik. Amma hazırda konkret rəqəm deyə bilmərəm. Çünki bu barədə iş gedir.

- Maraqlıdır, partiya olaraq hədəfiniz nədir?

- Hədəfimiz Azərbaycan siyasətində ilk üçlükdə olan partiya olmaqdır. Bu istiqamətdə də fəaliyyət göstəririk. Həmçinin, parlament seçkilərindən sonra bələdiyyə seçkilərində də iştirak edəcəyik.

- Türkiyədə son seçkilərdə bəzi partiyalar tərəfindən tanınmış şəxslərin deputatlığa və bələdiyyə sədrliyinə namizəd göstərildiyini görürük. Ölkəmizdə isə belə bir ənənə formalaşmayıb. Böyük Azərbaycan Partiyası belə bir addım ata bilərmi?

- Bizim belə addımlara ehtiyacımız yoxdur. Biz işləyən adamları namizəd göstərmək istəyirik. Təəssüflər olsun ki, siyasətə yeni similar çox az gəlir. Amma bizim namizədliyini irəli sürəcəyimiz insanların hamısı yeni simalar olacaq. Siyasətdə olmamış yeni şəxslərlə mübarizə aparacağıq. Türkiyədəki siyasi partiyaların vəziyyəti tamam fərqlidir. Biz isə hələ indi o yolu gedirik.

- Yeni simaların tanınmadıqları üçün seçilmə şansının az olduğunu düşünmürsünüz?

- Biz seçki vaxtı gücümüzü ortaya qoyacağıq. Ona görə də namizədlərimizin səs toplaya biləcəklərini düşünürük. Məsələn, yeni müavinlərimizdən Fikrət Cəfərov Xətai icra başçısının müavini, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi olub. Yəni bütün rayon onu tanıyır. Digər namizədlərimiz də əhali ilə işləyən adamlar olacaq. Onlar arasında dövlət qurumlarında və ya özəl sektorda çalışan şəxlər var. Real vəziyyətə baxıb dəyərləndirmə aparacağıq.

- Namizədlərinizin xalq tərəfindən tanınması üçün hansı təşviqat işlərini həyata keçirəcəksiniz?

- Bütün üsullardan istifadə edəcəyik. Canlı ünsiyyət birinci yerdə olacaq, ev-ev gəzmək lazımdır. Amma yalnız əhali ilə deyil, mətbuat və sosial şəbəkələrlə də işləməliyik.

Geri qayıt