Əsas Səhifə > Partiya, Güney Press > Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?

Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?


22-05-2024, 09:37
Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?
Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

Artıq bir çox şəxs deputatlığa namizədliyini açıqlayıblar. Modern.az 2023-cü ildə fəaliyyətini dayandırmış partiyaların sədrlərinin fikirlərini də öyrənib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Ötən ilin mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. 30-dan artıq partiya fəaliyyətini dayandırıb.

Saytımıza açıqlamasında fəaliyyətini dayandıran Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Parlament seçkilərində iştirak edəcəyini bildirib. “Yəqin ki, 23 saylı Nəsimi-Səbayıl seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Mən 2012-ci ildə məhz bu dairədən deputat seçilmişəm”.

Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov seçkilərdə iştirak etmək barədə düşündüyünü söyləyib:

“Təbii ki, parlament seçkiləri noyabrda keçirilməyəcək. Güman edirəm ki, seçkilər sentyabra qədər keçiriləcək. Namizəd olub-olmama ilə bağlı qərar seçkilərə hazırlıq dövründə verilə billər. Siyasətlə nə vaxtsa məşğul olanlar da, aktiv siyasətdə olanlar da, tanınmış şəxslər də təbii ki, parlamentin üzvü olmaq istəyir. Dairələrdə qüvvələr nisbəti, kimin harada namizəd olması və digər məsələlər araşdırıldıqdan sonra bu barədə qərar verilə bilər. Ona görə mən bu gün deyə bilmərəm ki, mütləq namizəd olacam. Bəli belə bir fikrim var”.

A.Səmədov namizədliyini hansı halda verəcəyindən də danışıb: “Namizədliyimi verməməyim də tamamilə mümkündür. Çünki seçilmək imkanı yoxdursa, gərək, boşuna namizəd olmayasan. Təbiidir ki, burada siyasi partiyaların, maddi imkanları kifayət qədər olanların imkanı daha böyükdür. Seçilmək şansı olsa, təbii ki, mən də seçkilərdə iştirak etmək istərdim. Amma bu gün o barədə qərar vermək tezdir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hələki parlament seçkiləri ilə maraqlanmadığını deyib: “Səhhətimlə bağlı məsələlərlə məşğulam. Şükür Allaha hazırda ciddi bir şey yoxdur. Səhhətim bərpa olunur. Məhz buna görə də məni hələki parlament seçkiləri maraqlandırmır.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli 73-cü seçki dairəsindən namizədliyini verməyi planlaşdırır:

“Parlament seçkilərində iştirak etməyi düşünürəm. Amma qəti qərarımı hələ verməmişəm. Şəraitdən asılı olaraq, qərar qəbul edəcəm. Lakin prinsip etibarilə mən seçkilərdə iştirakın tərəfdarıyam.Siyasi fəaliyyətlə istər partiya, istər fərdi qaydada məşğul olan şəxs seçkilərə qoşulmalıdır. Təxminən 73-cü seçki dairəsindən seçkilərə qoşulmağa niyyətim var. Amma qərarım hələki qəti deyil”.

Geri qayıt