Əsas Səhifə > Partiya, Güney Press > "Parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacağıq”

"Parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacağıq”


24-05-2024, 14:02
"Parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacağıq”
“Parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Cümhuriyət”-ə müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Ağasif bəy, parlament seçkilərində deputatlığa namizəd olacaqsınız?

- Hər bir siyasi partiyanın yarandığı gündən qarşısına qoyduğu məqsəd iqtidara gəlmək və hakimiyyətin müxtəlif qollarında iştirak etməkdir. Parlamentdə və yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq, habelə seçkilərdə iştirak edərək hakimiyyətə gəlmək kimi yollar var. Bütün bunların, yəni dövlət institutlarında iştirakın yolu isə yalnız seçkidən gedir. İstər bələdiyyə, istər parlament, istərsə də prezident seçkiləri ilə iqtidar olmağın yeganə yolu xalqın iradəsi ilə baş tutan seçkilərdir. Əlbəttə ki, Gələcək Azərbaycan Partiyası da digər siyasi partiyalar kimi yarandığı gündən qanunverici və icraedici hakimiyyətdə iştirakı özünə məqsəd qoyub. Mövcud “Siyasi partiyalar haqqında” Qanunun da tələbinə nəzər salsaq görərik ki, hər bir siyasi partiya seçkilərdə iştirak etməlidir. Gələcək Azərbaycan Partiyasının həm parlament, həm də bələdiyyə seçkilərində iştirak etməklə bağlı qurultayının və Ali Məclisinin də bununla bağlı qərarı var. Partiyamız seçkilərdə tam heyətlə iştirak edəcək.

Mən də siyasi partiyanın lideri olaraq deputatlığa namizəd olacağam. Bu, həm də həm də partiyanın qərarıdır. Təkcə mən yox, partiyamızın onlarla namizədi olacaq. Namizədlərimizin təbliğat-təşviqat kampaniyası da komanda olaraq aparılacaq.

- Hansı dairədən namizədliyinizi irəli sürəcəksiniz?

- Hələ ki, dairələr üzrə yekun qərar verməmişik. Namizədlərimiz arasında dairə bölgüsü apardıqdan sonra yekun qərar verəcəyik. Amma mən yenidən 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd olacağam. Həmçinin, 36 saylı Xətai dördüncü seçki dairəsindən də namizədliyimi irəli sürə bilərəm. Bundan başqa, digər dairələrdən də namizəd olma ehtimalım gündəmə gələ bilər. Bununla bağlı hələlik konkret qərar verilməyib. Namizədlərimizin yekun siyahısı müəyyənləşdikdən sonra kimin hansı dairədən namizəd olacağına partiyamızın Ali Məclisində qərar veriləcək.

- Seçkilərdə neçə nəfərlə mübarizə aparacaqsınız?

-Hazırda partiya daxilində parlament və bələdiyyə seçkilərinə hazırlıqla bağlı komitə yaradılıb. Namizədlərimizin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atılır. Seçkilərdə onlarla namizədlə mübarizə aparacağıq. İndiyə qədər dəqiqləşdirilmiş namizədlərimizin siyahısı 13-dür. Lakin namizədlərin müəyyənləşdirilmə və ələnmə prosesi gedir. Şübhəsiz ki, bu rəqəm arta və ya azala bilər. Bunu zaman göstərəcək.

Rayon şöbələrimizdən namizəd olmaq istəyən şəxslərin kimliyi müəyyənləşdirir. Onların potensialları təhlil olunur. Hər bir insanın seçmək və seçilmə hüququ var. Amma biz hesab edirik ki, dövlətə və dövlətçiliyə fayda verəcək insanlar namizəd olmalıdırlar. Deputat seçiləcəkləri halda parlamentdə fəal iştirak etməli, millətinə, xalqına və dövlətinə fayda verilməlidirlər. Mənim rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyası namizəd vermək namizəd verilməsi prinsipindən uzaqdır. Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk.

- Ümumiyyətlə, parlamentdə neçə nəfər deputatla təmsil olunmağı hədəfləyirsiniz?

- Biz namizədliyini irəli sürəcəyimiz şəxslərin hər birini parlamentdə deputatlığa layiq hesab edirik. Buna görə də onları namizəd göstəririk. Həmin şəxslərin seçilməsini şübhə altına alsaq və ya inamımız olmasa, onda deputatlığa namizədliyini irəli sürmərik. Hesab edirik ki, namizədliyini irəli sürdüyümüz hər bir üzvümüz qalib olmağa və seçilməyə layiqdir.

Onu da bildirim ki, Gələcək Azərbaycan Partiyası parlamentdə bir deputatlıq partiya olmayacaq. Biz parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacaq və hakimiyyətin qanunverici orqanında xalqın iradəsi ilə iştirak edəcəyik. Hazırda ölkədə demokratik mühit var. Üstəlik, iqtidarla müxalifət dialoq formatında sağlam və konstruktiv əməkdaşlıq edir. Bütün bunların isə Azərbaycanda yeni bir dönəmin açılışında çox böyük təsirləri və rolu olacaq.

- Türkiyədə bəzi partiyalar tanınmış şəxsləri deputatlığa və ya bələdiyyə sədrliyinə namizəd göstərir. Sizin partiyanız da belə bir addım ata bilər?

- Bəli, biz də qardaş Türkiyə modelindən istifadə etmək barədə düşünürük. Cəmiyyətdə kifayət qədər tanınmış, ictimai nüfuzu olan şəxslərin namizədliyini irəli sürəcəyik. Bu gün Gələcək Azərbaycan Partiyasının üzvlər siyahısında çox sayda ictimai nüfuzlu xadimlər, ziyalılar, sabiq millət vəkilləri, icra başçıları, polis rəisləri və səfirlər var. Həmin kadrlardan da istifadə edəcəyik. Hansı ki, onlar, milli dövlətçilik dəyərlərini özlərinin qəlbində və sümüklərinin iliyinə qədər daşıyırlar. Yəni dövlətinə və xalqına bağlıdırlar.

Ümumiyyətlə, namizədlərimizin üçdə ikisi gənclərdən ibarət olmalıdır ki, parlamentdə yeni nəfəs gətirsinlər. Üçdə biri isə ziyalı, ictimai-siyasi xadimlərdən və mədəniyyət adamlarından olacaq. Biz Azərbaycanı, yerli özünüidarəetmə orqanlarını və Milli Məclisini dəyişməliyik. Hesab edirəm ki, namizədlərimiz xalqa və cəmiyyətə yeni nəfəs gətirəcək şəxslər olacaq.

Geri qayıt