Əsas Səhifə > Partiya, Güney Press > "Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır"

"Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır"


31-05-2024, 08:30
"Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır"
Avropada məskunlaşan özünü blogger adlandırıb, Azərbaycanı və Azərbaycandakı mövcud iqtidarı, həmçinin bir sıra məmurları söyən Tural Sadıqlını Azərbaycandan maliyyələşdirən məmurlar varmış. Hətta iddialar var ki, həmin blogerləri xaricdə yerləşdirən də həmin məmurlar imiş. Kimdən xoşları gəlmirsə, pulunu ödəyib, söydürürmüş. Bu günlərdə "yal"larını paylaşa bilməyən blogerlər bir-birini ifaş etməyə qərar veriblər. Biri deyir “sən hakimiyyətə işləyirsən”, o biri də deyir ki, “bəs sənə dövlət məmurları yal yedizdirir”. Məsələ hər nədirsə, yəqin ki, yaxın günlərdə Dövlət Təhlükəsizlik Xidməti üstünü açacaq.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün dünyada yeni reallıqlar meydandadır və Azərbaycan xalqı əvvəlki kimi yalanlara, böhtanlara, şantajlara bir o qədər əhəmiyyət vermir.

Deputat deyir ki, əvvəllər xalqın içinə girmək istəyənlər, xalqı yağlı dilə tutanlar sonralar öz əməlləri ilə göstərdilər ki, onlar əslində vətənə, torpağa, xalqa xidmət etmirlər.

“Bu şəxslər öz ağalarına, onlara əyri yol göstərənlərə xidmət eldirlər. Bu gün bir çox bloggerlər xaricdə oturub, Azərbaycanın əleyhinə böhtan kampaniyası həyata keçirirlər və bunun da haradan qaynaqlandığı yaxşı məlumdur. İlk növbədə xaricdə fəaliyyət göstərən müəyyən fondlar və müəyyən beynəlxalq təşkilatlar və qurumlar bu bloggerləri maliyyələşdirirlər.

Bu gün mən inanmıram ki, Azərbaycanda yüksək vəzifə tutan şəxslər bu ölkənin əleyhinə ciddi böhtan kampaniyası aparmaq üçün hansısa bir bloggerlərin xidmətindən istifadə etsinlər. Belə məmurlar sözsüz ki, Azərbaycanın inkişafının əleyhinədir və xalqa düşmən mövqeyini seçmiş sayılır.

Radikal müxalifət ölkədə mövcuddur. “Milli Şura”, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, eləcə də ayrı-ayrı aqressiv insanlar sözsüz ki, hardansa maliyyələşirlər. Bunların maliyyə bazası da məlumdur ki, onlar dəstəyi xarici havadarlarından alırlar və onların tapşırıqlarını yerinə yetirirlər. Müəyyən məmurların fikirləri üst-üstə düşməyə bilər. Və sözsüz ki, onlar da bunun üçün məsuliyyət daşıyırlar.

Azərbaycanda inzibati orqanlar peşəkardır, qabiliyyətlidir və onlar bütün hadisələri diqqət mərkəzində saxlamağa qadirdirlər. Və dövlətimizin yürütdüyü siyasətlə əldə olunan qələbələr və son illər beynəlxalq aləmdə qazandığımız nüfuz da bu gün hər bir məmurdan öz işinə məsuliyyətlə yanaşmağı tələb edir, həm də onun cəmiyyət üçün faydalı olub olmadığını müəyyənləşdirir. Bəzi məmurlar oldu ki, onlar çalışdıqları sahələrdə nöqsanlara yol verdiklərinə görə artıq istintaq orqanları qarşısında cavab verirlər”-deyən deputat vurğulayıb ki, hansısa məmur "yol"unu itirərsə, qanunlarımız qarşısında cavab verəcək.

Deputat hesab edir ki, bu gün pulla alınan o bloggerlərin saxta, yalan, böhtan xarakterli çıxışları və onların yaydıqları əsassız məlumatlar Azərbaycan xalqı tərəfindən nifrətlə qarşılanır. Cəmiyyət belə hallara qarşı artıq barışmaz mövqeyini ortaya qoyub.

“Kiçik problemləri şişirtmək və dövlətin adına qara yaxmaqla nailiyyətlərə kölgə salmaq vətənpərvərlik deyil. Bu, sadəcə xəyanətdir. Xəyanət edənlərin yeri də məlumdur”-deyə Tahir Rzayev qeyd edib.

Geri qayıt