Əsas Səhifə > Partiya, Güney Press > “Məqsəd Azərbaycanı Türkiyə ictimai rəyində gözdən salmaq, ləkələməkdir”

“Məqsəd Azərbaycanı Türkiyə ictimai rəyində gözdən salmaq, ləkələməkdir”


3-06-2024, 09:21
“Məqsəd Azərbaycanı Türkiyə ictimai rəyində gözdən salmaq, ləkələməkdir”
Mayın 31-də bir qrup fələstinli tərəfdar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbuldakı ofisinin binası qarşısında İsrailə neft satışının dayandırılması tələbi ilə aksiya keçiriblər. Etirazçılar SOCAR-ın binasına daxil olmağa cəhd edib və binanın divarlarına qırmızı rəngli boya atıblar.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev baş verənlərin təxribatdan başqa bir şey olmadığını bildirib:

“Hər şeydən öncə qeyd edim ki, SOCAR İsrailə neft satmır və bu barədə səslənən fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Ümumiyyətlə, dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin isə nefti kimə satdığına şirkətlər nəzarər edə bilmirlər. Ona görə də Azərbaycanın İsrailə neft satdığını iddia etmək absurddur və bu bəzi qüvvələrin ölkəmizlıə bağlı çirkin niyyətlərindən irəli gəlir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla bağlı bu cür yalan xəbərləri yayan qüvvələrin məqsədi ölkəmizi Türkiyə ictimai rəyində ləkələməkdir:

“Araşdırmalar göstərir ki, SOCAR-ın guya İsrailə neft satması ilə bağlı yalan xəbərlər Türkiyədə kök salan, əsasən İran tərəfindən dəstəklənən bəlli qruplaşmalar tərəfindən yayılmaqdadır. Hansı ki, bu qruplaşmaların məqsədi SOCAR-ı, o cümlədə ölkəmizi Türkiyə ictimai rəyində ləkələmək, dövlətimizə qarşı inamsızlıq formalaşdırmaqdır. Məhz buna görə də Azərbaycanla bağlı heç bir əsası olmayan bu cür məlumatlar dövriyyəyə buraxılmaqda, təxribatçı aksiyalar təşkil edilməkdədir. Ancaq bu təxribatçı, mənfur qüvvələr bilməlidirlər ki, onların yalan üzərində qurulan bu təxribat və təbliğat cəhdləri heç bir nəticə verməyəcəkdir. Çünki Azərbaycan-Türkiyə qardaşlığı sağlam təməllər, sonsuz sevgi və səmimiyyət üzərində qurulub. Bütün dünyaya örnək olacaq bu qardaşlıq münasibətini belə saxta xəbərlər, qondarma aksiyalarla sarsıtmaq sadəcə mümkünsüzdür”.

Geri qayıt