Əsas Səhifə > Partiya, Güney Press > Orada vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir?..

Orada vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir?..


3-06-2024, 11:44
Orada vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir?..
Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün bu dəfəki söhbətimizdə Azərbaycanla qonşu iki Güney Qafqaz dövləti: Ermənistan və Gürcüstandakı son proseslərdən danışdıq.

- Etibar bəy, son vaxtlar Güney Qafqazda yaranmış vəziyyət elə 1918-1920-ci illərdəki durumu xatırladır. Yəni o dövrdə də Rusiya və Qərb region uğrunda mübarizə aparırdı, bu gün də eyni mübarizə gedir. Və təxminən bizimlə eyni günlərdə müstəqilliklərini əldə etmiş digər iki Qafqaz respublikasında, yəni Ermənistan və Gürcüstanda bu gün baş verənlər də Azərbaycan üçün önəmlidir, yəqin ki. Öncə Ermənistandan başlayaq. Necə düşünürsüz, “Rusiyanın ən yaxşı agenti” adlandırılan keşiş Baqratın başçılıq etdiyi kütləvi etiraz aksiyaları nə ilə nəticələnə bilər?

-Hesab edirəm ki, hazırda Ermənistan və Gürcüstanda baş verənlər Azərbaycan dövlətinin mənafelərinə elə bir zərər vurmur. Çünki hər iki dövlət: Ermənistan da, Gürcüstan da, demək olar ki, Rusiyanın əlindən çıxıb. Və ona görə də Güney Qafqazda bütün mövqelərini itirmək təhlükəsi qarşısında qalan Rusiya Azərbaycandan möhkəm yapışmağa və onun bütün şərtlərini qəbul etməyə məcburdur. Siz də görürsüz ki, Moskva Azərbaycanı öz yanında qoruyub saxlamaq üçün onun mənafelərinə uyğun olan bütün şərtləri qəbul edir. Ona görə də hazırkı durum bizim də maraqlarımıza uyğundur. Və məqsəd də Azərbaycanın mənafelərini genişləndirmək və perspektivlərini gücləndirməkdir...

-Xahiş edirik, konkret olaraq Ermənistandakı proseslər haqda da danışın...

-Ermənistanda vəziyyət nə qədər gərginləşsə, bizim xeyrimizədir...

-Bəs, sizcə, hansı tərəfin qalib gəlməsi Azərbaycanın maraqlarına daha çox uyğun olar?

-Fərqi yoxdur. Tərəflərdən heç birinin tam qələbəsi mümkün deyil. Ona görə də İrəvanda tərəflər arasındakı mübarizə nə dərəcədə ciddi və dərin olsa, Azərbaycanın xeyrinədir...

-Axı Moskva Ermənistanda öz agenturası, "5-ci kalon"u, irqçi və revanşistlər vasitəsilə Xocalı caniləri olan eks-prezidentlər Robert Köçəryan və ya Serj Sərkisyanı və ya onlara bənzər birilərini hakimyyətə qaytarsa, onlar indiyədək qoyduqları tələblərə uyğun olaraq Azərbaycanla yenidən müharibə edilməsinə çalışmalıdırlar...

-Birincisi, revanşistlər, Köçəryanlar, Sərksiyanlar heç bir vaxt qalib gələ biilməzlər. Çünki Ermənistanın əhalisi Paşinyandan nə qədər narazı olsa da, bu heç də o demək deyil ki, ermənilər Köçəryan və yaxud Sərkisyanın hakimiyyətə qayıtmasını istəyirlər. Hazırkı durumda Ermənistan xalqı yaxın perspektivdə onların və ya onlara bənzər heç birinin hakimiyyətə qayıtmasına imkan verməyəcək. İkincisi də, Ermənistanda hakimiyyətin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq Azərbaycan qarşısına qoyduğu hərbi vəzifələri yekunlaşdırmaq üzrədir. Yəni hərbi strateji üstünlük bizim tərəfdədir. Və bu nisbətin yaxın perspektivdə dəyişməsi də mümkün görünmür. Ermənistanda iqtidarın dəyişməsi isə yalnız sülh müqaviləsinin imzalanmamasına və ya bu prosesin ləngidilməsinə səbəb ola bilər ki, bu da yenə də Ermənistanın ziyanına olacaq...

-Bəs Gürcüstandakı proseslərin inkişafını necə görürsüz: orada Rusiya tərəfdarları qalib olacaq, yoxsa Qərb?

-Gürcüstanda Rusiya tərəfdarları, demək olar ki, yoxdur. Yəni Rusiya tərəfdarları olsalar da, bunu açıq şəkildə ifadə edə bilməzlər və bilməyəcəklər də. Ancaq orada söhbət milyarder İvanişvilinin dəstəsi ilə digərləri arasındakı hakimiyyət mübarizəsindən gedir. Hazırda Tiflisdə gərginlik olsa da, Rusiyanın hərbi cəhətdən oraya qayıtması mümkün deyil. Ancaq Moskvadan təhdidlər var və unutmayaq ki, Gürcüstanın ərazisi də parçalanmış bir vəziyyətdədir. Ölkənin ərazi bütövlüyünü də bərpa etmək yaxın perspektivdə mümkün görünmür...

Geri qayıt