Əsas Səhifə > Partiya, Güney Press > "Mollaların cəzalandırılması bir az absurd olar..."
"Mollaların cəzalandırılması bir az absurd olar..."4-06-2024, 11:52 |
Dinə düşmən kimi yanaşmaq doğru deyil. Kimlərsə gedib, dini nikah kəsdirirlərsə, bu onların öz işidir. Qanunun pozulacağı halda hüquq-mühafizə orqanları qarşısını alacaq. Özümüzdən nəsə icad etməyə ehtiyac yoxdur. Bu sözləri Axar.az-a Ağ Partiyanın sədri Tural Abbaslı Milli Məclisdə rəsmi nikah olmadan kəbin kəsən din xadimlərinin cəzalandırılması ilə bağlı irəli sürülən təklifə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu təklif olduqca absurd səslənir və dini kəbin haqqında yanlış təsəvvürdən xəbər verir: “Mollaların cəzalandırılması bir az absurd olardı. Çünki bu, dini ritualdır və nikaha girirlərsə, bu, hər iki tərəfin razılığı əsasında olur. Əgər 18 yaşdan aşağı olan şəxslərə dini kəbin kəsilirsə, onda mollanın cəzalandırılması anlaşılan olardı. Amma iki ağlı başında şəxs rəsmi nikahdan əvvəl dini nikaha girirsə, ona molla nə etsin? Məntiqsizlikdir. Məncə, təklifi verən şəxsin bu prosesdən xəbəri yoxdur. Dini nikah da vətəndaş nikahı kimi rəsmi deyil. Amma dini nikah heç olmasa şəriət qaydalarına uyğundur, vətəndaş nikahında bu da yoxdur axı. Buna görə kimisə cəzalandırırlar?” Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib ki, rəsmi nikah olmadan molla kəbini kəsilməməli, bu məsələyə nəzarət artırılmalı və qaydaya əməl etməyən mollalar cəzalandırılmalıdır. Geri qayıt |