Əsas Səhifə > Partiya, Güney Press > Elnur Aslanovun sonrakı aqibəti necə olacaq?

Elnur Aslanovun sonrakı aqibəti necə olacaq?


18-03-2014, 12:33
Elnur Aslanovun sonrakı aqibəti necə olacaq?
Azərbaycan Prezidenti İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Sərəncamdan sonra ictimaiyyətdə belə bir fikir yayılıb ki, nurçu olduğu üçün vəzifədən azad edilən E.Aslanov həbs ediləcək. Hafta.az-ın debatında siyasi ekspert Araz Əlizadə və politoloq Ərəstun Oruclu

“ELNUR ASLANOVUN SONRAKI AQİBƏTİ NECƏ OLACAQ?”

sualına cavab axtardılar.

Araz Əlizadə hesab edir ki, Elnur Aslanovun vəzifədən azad edilməsi adi haldır:

“Bir insanın vəzifədən azad edilməsi onun həbs edilməsi demək deyil. Elnur Aslanov vəzifədən azad edilibsə, demək belə lazım idi. Ümumiyyətlə, bu adi bir haldır. Azərbaycan Respublikasının qanunlarında qeyd olunmayıb ki, bir nəfər vəzifəyə təyin edilirsə, orada ömürlük qalmalıdır. Bir şəxsin vəzifədən çıxarılmasına normal yanaşmaq lazımdır. Hesab edirəm ki, adıçəkilən şəxslə bağlı hansısa cinayət işi qaldırılmayacaq”.

Ərəstun Oruclu isə hesab edir ki, Elnur Aslanovun vəzifəsindən azad edilməsində nurçu təriqətinin heç bir önəmi yoxdur. Sadəcə, bu bəzi məqamların qarşısını almaq üçün atılan addımdır:

“Cəmiyyətdə fikir yayılıb ki, E.Aslanov nurçu olduğu üçün vəzifəsindən azad edilib. Əgər doğrudan da belədirsə, o zaman E.Aslanovu nə üçün illər öncə deyil, indi vəzifədən azad etdilər. Onun nurçu olması barəsində mətbuatda dəfələrlə yazılar dərc edilib. Hər kəs də bilirdi ki, həmin şəxs nurçudur. Hesab edirəm ki, E.Aslanovun vəzifədən azad edilməsi dövlət daxilində bəzi irimiqyaslı məsələlərin həlli üçün atılan addımdır. Burada nurçuluğun heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Türkiyədə baş verən məlum hadisələrlə, bu şəxsin vəzifədən azad edilməsi eyni zamanda baş verdiyi üçün cəmiyyətdə və mediada belə bir gündəm yarandı. Bu hadisələrin nurçuluq yönündə piarının aparılması isə hakimiyyət daxilində çəkişmələri nizamlamaqdır. Təsadüfi deyildir ki, ölkə başçısı son müşavirəsində məmurlara, xarici əlaqələri haqqında bir mesaj verdi. Burada xarici dedikdə söhbət təkcə nurçuluqdan və ya Türkiyədən getmir. Əslində isə vəziyyət tamamilə başqadır. Əgər ölkədə məmurlara nəzər salsaq, onlar arasında əksəriyyəti Rusiyaya meyilli olan şəxslərdir. Rusiyanın da hazırda Azərbaycan üçün məlum mövqeyini nəzərə alsaq, ilk olaraq həmin məmurlar işdən azad edilməlidir. Ümumiyyətlə, bu kimi şəxslər hakimiyyət daxilində çox kiçik əhəmiyyətli insanlardır. Onların nələrəsə ciddi şəkildə təsir etmək kimi imkanları yoxdur. Elnur Aslanovun vəzifədən azad edilməsi daha böyük şəxslərin işdən çıxarılması üzrə gedən hazırlıqdır. Bu böyük proseslərin kiçik əlamətidir”.

Geri qayıt