Əsas Səhifə > Partiya, Güney Press > "Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi"
"Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi"7-06-2024, 09:35 |
Xəbər verildiyi kimi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989-1991) Vaqif Hüseynov vəfat edib. Vaqif Hüseynov ömrünün 82-ci ilində Rusiyada dünyasını dəyişib. Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", “Molodyoj Azerbaydjana”, “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi, Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri, DTK sədri və digər vəzifələrdə çalışıb. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində isə Rusiyanın geosiyasi analitiki və “Sistema” şirkətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərib. Vaqif Hüseynovun ölümü onun adını yenidən diqqət mərkəzinə gətirib. Sabiq baş nazir Pənah Hüseyn Vaqif Hüseynovla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verib. Pənah Hüseyn bildirib ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynov tarix üçün ibrətamiz bir taledir: “Öz dövlətinə, xalqına yox, başqa bir dövlət, millətə xidmət eləmək, başqa bir antimilli ideologiyanın əsgəri olanların taleyi baxımından ibrətamizdir. Bizdə adət var ki, ölənin dalınca ya yaxşı danışırlar, ya da heç danışmırlar. Amma Vaqif Hüseynov əlbəttə ki, Azərbaycan tarixinin çox mühüm bir dönəmində əsas rollardan birini oynadığına görə, hər halda, ona münasibət bildirilməlidir. Mənə bu barədə bir neçə media orqanlarından zəng elədilər. Mən əksəriyyətinə "şərhim yoxdur" dedim. Amma indi düşünürəm ki, hər halda, müəyyən məsələlərə aydınlıq gətirilməsi lazımdır". P.Hüseyn xatırladıb ki, Vaqif Hüseynov Əbülfəz Elçibəy prezident seçildikdən sonra 1990-cı ilin yanvar hadisələrinə görə təqsirləndirilərək həbs olunmuşdu: “Surət Hüseynovun 1993-cü ilin 4 iyun qiyamından sonra Vaqif Hüseynov azad olundu. Onun həbsdə olduğu müddətdə Ali Sovetin deputatı Arif Rəhimzadənin rəhbərliyi ilə Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsi yaradılmışdı. Çox aqressiv bir iş aparılırdı. Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonra Vaqif Hüseynov azad edildi və bir müddət sonra Moskvaya getdi. Sonralar yazdığı memuarlarında bildirir ki, onun həbsdən azad olunması üçün birbaşa Surət Hüseynov əsas rol oynayıb”. Sabiq baş nazir bildirib ki, Vaqif Hüseynov o dövrün partiya sovet nomenklaturasında kifayət qədər nüfuza malik fiqur idi. Eyni zamanda onun barəsində bir qədər şişirdilmiş təsəvvürlər yaradılmışdı: “Onun xüsusi təşkilatçılıq qabiliyyəti, intellektual səviyyəsi barədə, fikrimcə, olduğundan bir qədər şişirdilmiş, süni olan imic yaradılmışdı. 1980-ci illərin sonunda bütün aparılan fəaliyyətin məntiqi nəticəsi onun Azərbaycana rəhbər təyin olunması ilə nəticələnməli idi. Amma 1990-cı ilin yanvar ayında Azərbaycan SSRİ Kommunist Partiyasının birinci katibinin təyinatı məsələsi müzakirə edilərkən məhz Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Ayaz Mütəllibovun təyin olunması gözlənilməz oldu. Vaqif Hüseynov özü bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, onun birinci katib təyin olunmamasında SSRİ KQB-si və Baş Kəşfiyyat İdarəsi arasında ziddiyyət rol oynayıb. Baş Kəşfiyyat İdarəsinin generalı Viktor Polyaniçko Mütəllibovun birinci katib təyin olunmasına nail olub. Ola bilər ki, Vaqif Hüseynov bunu 1990-cı il yanvar hadisələrində özünün mənfi rolunu bir qədər pərdələmək üçün də bu cür yazıb. Çünki həm də yazıb ki, o hadisələrdə DTK deyil, daha çox SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi hissələri rol oynayırdı. Vaqif Hüseynovun bu iddiaları sonradan araşdıramalar nəticəsində müəyyən mənada təsdiqini tapmışdı ki, Baş Kəşfiyyat İdarəsinin Pirəkşüküldə və Badamdarda yerləşən 22-ci əlahiddə briqadası o hadisələrdə rol oynayıb və ruslara atəşi də onlar açıb”. P.Hüseyn onu da qeyd etdi ki, istənilən halda Vaqif Hüseynov o dövrdə milli demokratik qüvvələrin, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin ideyalı düşmənlərindən biri kimi çıxış edirdi: “İndiki terminlə ifadə eləsək, Azərbaycandakı Rusiya "beşinci kolonu"nu səfərbər eləyən əsas fiqurlardan biri idi. Sonrakı illərdə isə hətta Moskvada Xocalı canisi Robert Köçəryanla birlikdə “Sistema” şirkətində işlədi. Vaqif Hüseynovun Robert Köçəryanla eyni şirkətdə işləməsi onu xarakterizə etmək üçün əyani dəlillərdən biridir. Hansı məqsədlə, motivlə olur-olsun bu, öz millətinə və dövlətinə qarşı çıxmaq, həm də özünə qarşı çıxmaqdır". Geri qayıt |