Əsas Səhifə > Partiya, Güney Press, foto > Yeni dünya düzənində yeni güc mərkəzi
Yeni dünya düzənində yeni güc mərkəzi9-06-2024, 07:20 |
Türk Dövlətləri Təşkilatı (TDT), əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Rəsmi sənədlərdə qeyd edilməsə də, təşkilatın həyata keçirdiyi layihələrə əsasən demək olar ki, onun vəzifələrindən biri də vaxtilə tarixin gedişinə böyük təsir göstərmiş Türk sivilizasiyasınin bugünkü simasını işıqlandırmaqdır. TDT getdikcə enerji yığır, müasir iqtisadi-siyasi tendensiyalar fonunda onun üzvləri əl-ələ verib gələcəyə doğru addımlayır. Təşkilatın təməli Azərbaycanda qoyulub. Onun qarşısında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət və sairə sahələrdə birgə fəaliyyət proqramlarının həyata keçirilməsi vəzifələri durur. Bu minvalla təşkilatın üzvləri arasında yaxınlaşma baş verir və ümumi ortaq dəyərlər yaranır. Qərargahı Ankarada yerləşən TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı), Qərargahı Bakıda yerləşən TÜRKPA-nın (Türkdilli Ölkələrin Parlament Assambleyası), Qazaxıstanda qeydiyyatdan keçmiş Türk Akademiyasının, mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Fondunun, Türk Biznes Şurasının işində də Azərbaycan öncüllük nümayiş etdirir. Hazırda regionda beynəlxalq miqyasda həyata keçirilən layihələrin mərkəzində yer alması sanki Azərbaycanın qismətinə yazılmış missiyadır. Təsadüfi deyil ki, layihələrin əksəriyyəti, məsələn enerji daşıyıcılarının tranzit nəqli, qaz kəmərləri şəbəkəsi, Qədim İpək yolu, nəqliyyat dəhlizləri və sairə məhz TDT ölkələrinin iştirakı ilə baş tutur. Azərbaycan isə bu layihələr üzrə koordinasiyanı uğurla həyata keçirir. İyunun 6-da keçirilən TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev deyib: “Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksək vəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük”. Ailə vahid bir orqanizmdir, yaranandan sonra addım-addım böyüyür, genişlənir və möhkəmlənir. Türk Dövlətləri Təşkilatının gücü və perspektivləri işğaldan azad edilmiş Azərbaycan torpaqlarında həyata keçirilən layihələrdə aydın görünür. Təşkilata üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda da bir məktəbin özülü qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Bütün bu əlaqələrin əsasında yüksək siyasi münasibətlər, sıx iqtisadi əməkdaşlıq və nəticə etibarı ilə yeni güc mərkəzinin yaradılması dayanır. Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi Geri qayıt |