Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistan heç vaxt müstəqil olmayıb”
“Ermənistan heç vaxt müstəqil olmayıb”22-06-2024, 08:40 |
“Ermənistan adlı yarımdövlət modeli yarandığı gündən bu günə qədər heç vaxt müstəqil olmayıb”. Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət”ə açıqlamasında deyib. O bildirib ki, bu görə də rəsmi İrəvan heç vaxt öz milli maraqlarına söykənən müstəqil siyasət yürüdə bilməyib: “Bu da erməni toplumunda müəyyən komplekslər yaradıb. Digər qüvvələrin köməyi ilə ordusunu və iqtisadiyyatını quran, xaricdən maliyyələşən Ermənistanın təbii olaraq bugünkü dövlətlərlə qurduğu xarici siyasəti və münasibətləri anlaşılmazlığını qoruyub saxlayır. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmiz və uğurlu antiterror tədbirlərinin həyata keçirilməsi sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Nəticədə, yalnız iki ölkə arasında deyil, bölgədə yeni siyasi mənzərə formalaşdı. Üstəlik, Azərbaycan 2020-ci ildən sonra müharibə səhifəsini bağlayaraq, sülh müqaviləsinin imzalanması və bölgəyə əmin-amanlığın gəlməsi üçün bütün vacib addımları atdı. Rəsmi Bakı real sülhün əldə olunması üçün konkret tədbirlər və rasional siyasət həyata keçirdi. Ermənistan isə bu vaxta qədər sözdə bir fikir söylədi, əməldə isə başqa addım atdı”. Millət vəkili qeyd edib ki, uzun müddət Rusiyanın çətiri altında yaşayan Ermənistan artıq öz siyasi vektorunu Qərbə doğru çevirmək yolunu tutub: “Ermənistan post-müharibə dövründə də “ölmüş” ATƏT-in Minsk qrupunu yenidən “diriltmək” axtarışına çıxdı. Lakin Azərbaycan bunun da qarşısını aldı. Son proseslər də göstərdi ki, iki ölkə aralarındakı problemləri özləri həll edə bilərlər. Bununla bağlı müsbət nümunələr də ortaya qoyuldu. Qərb və Rusiya platformasında olan görüşlərdə müsbət fikirlər səslənsə konkret əməli addımlar atılmadı. Ona görə də rəsmi Bakı artıq iki ölkənin vasitəçisiz olaraq masaya oturmasını təklif etdi. Təbii olaraq müsbət addımlar atıldı, tərəflər bir neçə məsələdə razılaşdı. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi başladı, Qazax rayonun işğalda olan 4 kəndi Azərbaycana qaytarıldı. Lakin digər problemlərin də gələcəkdə həll olunacağını görən Fransa kimi məkrli qüvvələr sülh müqaviləsinin imzalanmaması üçün vicdansızcasına iki ölkə arasında nifaq salınması üçün hər şey etməyə çalışırlar”. Vüqar İskəndərov vurğulayıb ki, Ermənistan artıq silahlanma siyasəti həyata keçirir: “Zamanında “Bir aya Azərbaycanla sülh müqaviləsi imzalaya bilərik” deyən Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarında da bunun əksini görürük. Deməli, Fransa tərəfindən Ermənistana konkret göstərişlər verilib. Artıq Fransa tərəfindən Ermənistana “Sezar” adlı özüyeriyən artilleriya qurğularının verilməyə başlaması, iki ölkə arasında müqavilənin imzalanması, habelə Hindistandan silahların alınması Paşinyan hakimiyyətinin sözdə sülhdən danışsa da, əməldə sürətlə silahlanmağa meyil göstərir. Hal-hazırda iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistan öz maliyyəsini bahalı silahlı xərcləməsi nə məna verir? Onları kimə qarşı istifadə edəcək? Bu suallara cavab verə bilmirlər. Amma təbii ki, cavab aydındır. Nə vaxtsa revanşistlər yenidən baş qaldırsa, bu silahlar Azərbaycan tərəfə çevriləcək. Lakin rəsmi Bakı bütün bu prosesləri diqqətlə izləyir və hər şey nəzarət altındadır. Ermənistanın belə səyləri yalnız onun özünə çox dərin izlər qoyacaq”. Deputat diqqətə çatdırıb ki, Ermənistanın addımları bölgədəki kövrək sülhə mane olur: “Ona dəstək verən qüvvələr isə bölgədə “boz zona”nın saxlanılmasına cəhd edirlər. Azərbaycan bunların heç birinə imkan verməyəcək və heç bir qüvvənin bölgəyə soxulmasına razı olmayacaq. Düşünürük ki, qonşu dövlətlərin birgə fəaliyyəti bütün bölgəyə fayda gətirə bilər. Azərbaycan da bu siyasəti həyata keçirməkdədir. Ermənistanın qeyri-rassional siyasəti və gülməli bəyanatları onlar üçün yaxşı heç nə vəd etmir. Bizim təkliflərimiz isə hələ də qüvvədədir. Yəni Ermənistan Konstitusiyasında və rəsmi sənədlərində dəyişiklik etmək üçün referendum keçirməlidir. Ondan sonra Azərbaycanla Ermənistan arasında çərçivə sazişi və yekun sülh müqaviləsi imzalana bilər. Ümumiyyətlə, bu problemlərin geridə qalmasına və irəli baxmağa ehtiyac var. Bölgədə kommunikasiya xətlərinin açılması, Azərbaycan-Ermənistan sərhədlərinin tam delimitasiya olunması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması lazımdır. Rəsmi İrəvan tarixdə qalan xülyalarını geridə qoymalı, reallıqları anlamalı və Ermənistanı dövlət halına salacaq siyasət həyata keçirməlidir. Əks təqdirdə, keçmişdə olduğu kimi şər qüvvələrə inanaraq onların dediklərini həyata keçirməyə çalışmaları Ermənistanın dövlət olaraq gələcək taleyini sual altına qoyacaq”. Geri qayıt |