Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifəti hazırlıqsız yaxalamaq üçün seçkiləri vaxtından əvvəl keçirirlər"
"Müxalifəti hazırlıqsız yaxalamaq üçün seçkiləri vaxtından əvvəl keçirirlər"26-06-2024, 09:34 |
Milli Məclisin iyunun 25-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi məsələsinə toxunub. O qeyd edib ki, müxalifət buna sevinməlidir: “6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Bu baxımdan növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkiləcəyi gözlənilir. Ağ Partiya sədri Tural Abbaslı Siyavuş Novruzovun fikirləri ilə bağlı "Sherg.az"a deyib ki, iqtidar çoxluq təşkil etdiyi parlamenti vaxtından əvvəl buraxıb seçkilərə gedirsə, bu müxalifətin xeyrinədir: "Buna müxalifət sevinməlidir demək doğru olmasa da, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi müxalifətin maraqlarına uyğundur. Biz bilirik ki, bu il prezident seçkiləri də vaxtından əvvəl keçirilib. Amma parlament seçkilərində məsələ bir qədər fərqlidir. Adətən iqtidarlar müxalifəti hazırlıqsız yaxalamaq üçün seçkiləri vaxtından əvvəl keçirir. Lakin Azərbaycanda COP29 tədbirinə görə parlament seçkilərinin vaxtından əvvələ keçiriləcəyi uzun müddətdir ki, bilinir. Bu səbəbdən iqtidarın seçkilərin önə çəkməsindəki məqsədin müxalifəti hazırlıqsız yaxalamaq olduğunu demək doğru olmaz". Tural Abbaslı əlavə edib ki, bəzi müxalifət nümayəndələri bildirir ki, havaların isti olması səbəbindən əhali seçkilərdə aktiv iştirak etməyəcək: "Əslində bu da yaxşı arqument deyil. Çünki seçkilərin qışda keçirilməsinin də öz çətinlikləri olur. Düşünürəm ki, parlament seçkilərinin 2 ay əvvələ keçirilməsi müxalifətin maraqlarına uyğundur. Amma əlbəttəki bu seçkilər demokratik və şəffaf şəkildə keçirilərsə". Geri qayıt |