Əsas Səhifə > Partiya, Güney Press > "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib"
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib"29-06-2024, 15:00 |
“Növbədənkənar parlament seçkiləri gözlənildiyindən partiyamızın artıq öncədən bu mövzuda qərarı verilib. İyunun 3-də Ali Məclisin sessiyasının keçirilməsi haqda qərar vermişdik və ayın 23-də həmin tədbiri keçirdik. Dediyim kimi, bu haqda informasiyalar yayıldığından seçkilərin konkret günü təyin olunanadək edilə bilənləri etdik”. Bunu Moderator.az-a açıqlamasında Milli Məclisə növbədənkənar seçkilərə hazırlıqdan danışan Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu söyləyib. “Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib. İndi isə MSK-nın təqvim planını, həmin qurumun Prezident Sərəncamından irəli gələn vəzifələri necə yerinə yetirəcəyini, Konstitusiya Seçki Məcəlləsinə uyğun olaraq hansı təkliflər verəcəyini gözləyirik. Parlament seçkiləri haqda qanuna uyğun bir qrafik müəyyənləşəcək və biz də digər partiyalar kimi həmin qrafikə uyğun müvafiq addımlarımızı atacağıq”, -deyə davamında partiya sədri bildirib. “Konkret partiya sədri olaraq özünüzün və digər partiya fəallarının deputatlığa namizədliklərin irəli sürülməsi haqda qərar verilibmi” sualını isə istiqlalçı millət vəkili belə cavablandırıb: “İnşallah, belə bir qərar var və Ali Məclisin sessiyasında o, qəbul olunub. Və həmin qərardan irəli gələn vəzifələr yerinə yetirilməlidir. Namizədliklərin irəli sürüləcəyi dairələr müəyyənləşdirilməlidir. Bu işlər də seçkilərə start verilməsi ilə bağlı MSK-nın qərarlarından asılıdır. Ümumilikdə partiyadan cəmi 45-dək namizədin irəli sürülməsi artıq müəyyənləşib. Yəqin ki, bu istiqamətdə digər işlər davam edəcək. Ola bilsin, kiminsə dairəsi dəyişdiriləcək və s. Qanunlara müvafiq olaraq həmin addımlar da atılacaq...” Geri qayıt |