Əsas Səhifə > Partiya, Güney Press > “Xahiş etdim ki, MSK-nın seçkilərlə bağlı ABŞ və Avropada tətbiq edilən tarixi təcrübəsi bizə də açıqlansın…”
“Xahiş etdim ki, MSK-nın seçkilərlə bağlı ABŞ və Avropada tətbiq edilən tarixi təcrübəsi bizə də açıqlansın…”4-07-2024, 11:48 |
“Hakimiyyətin təcrübəsi var. Eyni zamanda hakimiyyətin seçkilərə və Milli Məclisə münasibət məsələsi var. Bunların heç birisi unudulmamalıdır. Və heç birisini də gözardı etmək olmaz…” “Indidən hələ Milli Məclisə növbəti növbədənkənar seçkilərin necə keçəcəyi ilə bağlı heç nə demək olmaz. Seçkilərə hazırlıq prosesi hələ başlanğıc mərhələsindədir... Amma, təbii ki, Azərbaycanın tarixi təcrübəsi var. Söhbət əsasən son 30-35 ilin seçki təcrübələrindən gedir. Hakimiyyətin təcrübəsi var. Eyni zamanda hakimiyyətin seçkilərə və Milli Məclisə münasibət məsələsi var. Bunların heç birisi unudulmamalıdır. Və heç birisini də gözardı etmək olmaz”. Bu fikirləri Moderator.az-ın “Sentyabrın 1-ə təyin olunmuş Milli Məclisə növbəti növbədənkənar seçkilər haqda necə proqnoz verə bilərsiniz?” sualını cavablandırarkən Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu ifadə edib. “Bunlar hamısı öz yerində... Bizim Mərkəzi Seçki Komissiyasının da özünün müstəqim və ya məcazi mənalarda təcrübəsi var... Bu il mayın 16-da Prezident Administrasiyasının təşkil etdiyi bir siyasi tədbirdə MSK ilə yanaşı, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Auditor Palatasının da birbaşa siyasi məsələlər və seçkilərlə məşğul olan rəsmiləri də iştirak edirdi. Həmin tədbirdə MSK nümayəndəsi maraqlı bir açıqlama verdi. Dedi ki, bizim seçkilərlə bağlı ABŞ və Avropa ölkələrinin də öyrənib-yararlandığı və tətbiq etdiyi tarixi təcrübəmiz var”, - deyə davamında partiya sədri diqqətə çatdırıb. “Söhbət MSK-nın hansı tarixi təcrübəsindən gedirdi” sualına isə siyasətçi belə cavab verib: “Hamı bu məsələnin üzərindən sükutla keçsə də, mən MSK nümayəndəsinin çıxışına münasibət bildirərkən xahiş etdim ki, zəhmət olmasa, həmin təcrübə ilə bizi də tanış etsinlər. Bəlkə belə təcrübə doğrudan da tətbiq olunur, amma bizim xəbərimiz yoxdur. Amma, təəssüf ki, bəhs edilən tarixi təcrübənin nədən ibarət olduğu MSK rəsmisi tərəfindən açıqlanmadı”. Geri qayıt |