Əsas Səhifə > Partiya, Güney Press > "İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..."

"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..."


6-07-2024, 08:15
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..."
Bu gün bütün dünya Şuşada türk dünyasının birliyinə, Şuşa isə yeni tarixin başlanğıcına şahidlik edir. Bu, türk coğrafiyasında dərin inteqrasiyanın yeni mərhələyə daşınması tarixidir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsini şərh edərkən deyib.

A.Camal 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanmasını xatırladıb. Qeyd edib ki, Şuşanın azad olunması Qarabağ Zəfərinin kilid nöqtəsi olduğu kimi, Şuşa Bəyannaməsinin imzalanması da türk dünyasının birliyinin praktiki müstəvidə inkişafının başlanğıcı idi:

“Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi digər türk ölkələri üçün örnək oldu. Bundan sonra Azərbaycan və Türkiyə digər türk dövlətləri ilə ikitərəfli qaydada strateji sənədlər imzaladı, o cümlədən, Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və türk birliyinin qurulması istiqamətində inamlı addımlar atılmağa başlanıldı. Əslində türk dövlətləri arasında strateji sənədlərin, xüsusilə hərbi-siyasi müstəvidə olanların TDT çərçivəsində yox, ikitərəfli qaydada imzalanması başadüşüləndir, çünki TDT üzvlərinin bir çoxu başqa hərbi bloklarda yer alır. Bu baxımdan, ikitərəfli sənədlərin imzalanması həm mövcud vəziyyətdə türk birliyinin güclənməsinə hesablanıb, həm də gələcəkdə TDT çərçivəsində hərbi-siyasi müstəvidə birliyin təməllərini formalaşdırır”.

A.Camal hesab edir ki, Şuşada TDT-yə üzv ölkələri arasında imzalanması gözlənilən Qarabağ Bəyannaməsi türk birliyinin qurulması istiqamətində yeni mərhələnin başlanması olacaq:

“Şuşa Bəyannaməsi ilk belə sənəd, həm də proseslərin inkişafını istiqamətləndirən amil idisə, Qarabağ Bəyannaməsi türk coğrafiyasında dərinləşən inteqrasiyanın yeni və daha geniş mərhələyə daşınmasına imkan verəcək. Bu, həm də TDT çərçivəsində imzalanacaq ən vacib sənədlərdən biri olacaq. Bu gün ümumilikdə bütün türk dünyası Şuşada yeni tarixin başlanğıcının şahidi olur”.

Politoloq bu tarixin məhz Şuşada yazılmasının təsadüf olmadığını da qeyd edib:

“Şuşa, ümumilikdə Qarabağın işğalda olması təkcə Azərbaycanın yox, türk dünyasının məğlubiyyəti hesab olunurdu. Bu məğlubiyyəti tarixin zibilliyinə atan Prezident İlham Əliyev də təkcə Azərbaycanın yox, həm də bütün türk dünyasının önündə yeni çağ açdı. Türk dünyasının inteqrasiyasında praktiki addımların məhz Qarabağ Zəfərindən sonra atılması da bu kontekstdə təsadüfi deyil. Prezidentin İlham Əliyevin tarixi sözü var: XXI əsr türk dünyası əsri olacaq. Bu gün məhz türk əsrinin başlandığına şahidlik edirik və bütün bu prosesdə Azərbaycan liderinin oynadığı həlledici rol da tarix səhifəsinə qızıl hərflərlə yazılır”.
Geri qayıt