Əsas Səhifə > Partiya, Güney Press > "İranda Prezident hər məsələni həll eləmir"
"İranda Prezident hər məsələni həll eləmir"7-07-2024, 06:49 |
İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb. Seçkinin nəticələrinə əsasən Məsud Pezeşkian İran İslam Respublikasının yeni Prezidenti seçilib. Qeyd edək ki, bu gün İranda çox sayda azərbaycanlılar yaşayır. Yeni Prezident Məsud Pezeşkian İranda yaşayan azərbaycanlılar üçün ana dilində məktəblərin açılması, qəzet, jurnal və kitapların çap olunması, universitetlərin, Azərbaycan dilin tədrisi ilə bağı hansı addımlar ata bilər? VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov "Cebhe.info"-ya bildirdi ki, bir neçə müddətdir prosesləri izləyir: "Baxıram ki, bizdə bu istiqamətdə müxtəlif şərhlər verilir. Bəziləri də məsələyə normal yanaşa bilmirlər. Biz ilk növbədə nəzərə almalıyıq ki, İranda Prezident hər məsələni həll eləmir. İranda dövlətin əsil idarəçisi ali dini liderdir. Yəni Prezident orada tam səlahiyyətə malik deyil. Burada bir məsələni də nəzərə almalıyıq ki, məqsədli şəkildə Azərbaycanda bir təbliğat aparıldı və bizim insanlar da bu prosesin arxasınca getdilər ki, sanki Pezeşkian gəlməklə İran Azərbaycan olacaq. Bu, belə deyil. İranı sistem idarə edir. Pezeşkianın da hazırkı dövrdə hakimiyyətə gəlməsi İranın dövlət maraqlarından irəli gələn bir məsələdir. Yəni İran dövlət qurumları, dövlətçilik ənənələri bu dövrdə, bu mərhələdə də çox peşəkar bir seçki texnologiyaları qurdular. Peşəkar formada məqsədlərinə nail oldular. Əslində Pezeşkianın seçkidə iştirakının hədəf və məqsədi seçicilərin daha çox seçki məntəqələrinə gəlmələri idi. Bu mənada ola bilər ki, oradakı azərbaycanlılarla bağlı hansısa addımlar atılsın. Ancaq bu o demək deyil ki, o tam bizdə qeyd edilən formada siyasət həyata keçirəcək. Hər yerdə Azərbaycan məktəbi açılacaq, xeyr. Yəni İranın dövlət maraqları nəyi tələb edirsə, ali dini lider məsələni necə görürsə, Pezeşkian da həmin formada bu siyasəti davam etdirəcək. Ona görə də bizim insanlarımız bu məsələyə çox sadəlövh yanaşmasınlar ki, artıq o hakimiyyətə gəldi və hər şey əla olacaq, xeyr. Yəni bu daha çox dünyaya qarşı uğurla apardığı bir seçki siyasəti və təbliğatı oldu və İran məqsədinə nail oldu. Təəssüf ki, bizdə media da bunu elə formada təqdim etdilər və prosesdən tam xəbərsiz insanlar vardı. Hər halda onun özü də bu prosesdə fəal iştirak etdi. İranda azərbaycanlılar əhalinin yarısını təşkil edir. İranın döyünən ürəyi Təbrizdir. İran hakimiyyətinə lazım idi ki, bu seçkidə təbrizliləri öz tərəfinə çəkə bilsin və onların seçkilərdə iştirakına nail ola bilsin. İran da buna nail ola bildi. Bizim də hazırda İranla münasibətlərimiz yaxşıdır. Ümid edirik ki, Pezeşkian da bizim münasibətlərin normallaşması istiqamətində əldə etdiyimiz razılıqların icra olunması üçün əlindən gələni əsirgəməyəcək". Geri qayıt |