Əsas Səhifə > Partiya, Güney Press > "Onlar nə isə etməyə çalışırlar, amma düzgün yolu seçə bilmirlər"

"Onlar nə isə etməyə çalışırlar, amma düzgün yolu seçə bilmirlər"


9-07-2024, 09:18
"Onlar nə isə etməyə çalışırlar, amma düzgün yolu seçə bilmirlər"
Ermənistanda daha bir revanşist addım atılıb.

Belə ki, özünü politoloq adlandıran Sarkis Tsaturyan “Aşxarajoxov” separatçı ümumerməni hərəkatının başladığını elan edib. Onun absurd çıxışına görə, hər bir erməni “Aşxarajoxov”da təmsil etməli olduğu müəyyən bir erməni torpağının varisidir:

“Məsələn, mən Sarkis Tsaturyan Utikadan gəlirəm. Əgər siz Bartsr Hayk, Tayk, Naxçıvan, Zəngəzur, Qarabağ, Ararat və ya başqa bir hayk vilayətindən gəlirsinizsə, o zaman iştirakınızı gözləyirəm. “Ashkharazhokhov.org” saytına daxil olun, orada qeydiyyatdan keçin və ümumerməni hərəkatına qoşulun”.

O, separatçı hərəkatının məqsədinin “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək” olduğunu bildirib:

“Məqsədimiz sovet Ermənistanı deyil, türklərin babalarımızdan və ulu babalarımızdan oğurladığı əsl Ermənistandır”.

Görünən odur ki, Ermənistanda keşiş layihəsi iflas etdi. Ona görə də indi yeni separatizm dalğası yaratmağa çalışırlar. Bəs bunun arxasında kim dayanır?

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan cəmiyyəti hazırda özünü itirmiş vəziyyətdədir:

“Onlar nə isə etməyə çalışırlar, amma düzgün yolu seçə bilmirlər. Ermənilər Azərbaycanın güclü olduğuna görə məğlub olduqlarını başa düşürlər. Amma elə güman edirlər ki, Azərbaycan və Türkiyə daim güclü olmayacaq. Ona görə də növbəti müharibə üçün hazırlaşırlar. Ermənistanın silahlanması da məhz bununla bağlıdır. Həmçinin, orada belə separatçı hərəkatların da yaranması buna xidmət edir. Hətta Baş nazir Nikol Paşinayanın sülh müqaviləsi ilə bağlı vaxtı uzatması və müxtəlif bəhanələr ortaya atması da bununla bağlıdır. Yəni ermənilər yenidən hərəkətə keçmək üçün mümkün qədər vaxt qazanmağa çalışırlar”.

Partiya sədri qeyd edib ki, Ermənistanda belə separatçı hərəkatın yaranması tamamilə absurddur:

“Onlar, 300 il ərzində Katolik kilsəsi tərəfindən aldadıldıqlarını anlamırlar. Sarkis Tsaturyanın dedikləri utopik məsələlərdir. Deməli, onların hələ də ağılları yerinə gəlməyib. Əks təqdirdə, bu cür qeyri-real məsələlərlə məşğul olmazdılar. Onların içərisində nisbətən ağıllısı Paşinyandır ki, real Ermənistan uğrunda çalışmaq lazım olduğunu vurğulayır. Digər tərəfdən isə uzun illər ərzində “Böyük Ermənistan” ideyası ətrafında planlar quranlar var. Görünür, həmin planların ifalasa uğramaması üçün müxtəlif belə oyunlar qururlar. Bu səbəbdən də keşiş Baqrat və Sarkis Tsaturyan kimi adamları ortaya atırlar”.

Həmsöhbətimiz bunun arxasında kimlərin durduğundan da bəhs edib:

“Əslində belə hərəkatların arxasında biznes maraqları dayanır. Onlar dedikləri ideyaların yalan olduğunu bilsələr də, insanları aldadırlar. Çünki insanlar böyük yalanlara daha çox inanırlar. Bu separatçı hərəkatın arxasında isə xaricdəki erməni mərkəzləri dayanır. Buraya diasporları və lobbiləri aid etmək olar. Onlar qurduqları müəyyən iş planlarına əsasən hansısa ajiotaj yaratmağı hesablayırlar”.

Geri qayıt